«Dəyirmanın alt daşı»
Əl boyda bir kitabı vərəqləyirəm. Bu əl boyda kitab əslində almanaxı xatırladır. Ona görə almanax sözünü xüsusi vurğulayıram ki, bu kitabın tərtibçisi və onun araya-ərsəyə gəlməsinin səbəbkarı, elə kitabda da qeyd edildiyi kimi , tərtib edəni və redaktoru İlham Qəhrəmandır. Almanaxın girişində yəni, ön sözü əvəzində İlham Qəhrəman vurğulayır ki, o, cənub qonşumuz olan İrana səfəri zamanı Tehranda azərbaycanlı ziyalılar ilə, qələm adamları ilə görüşüb. Cənublu qardaşlarımızın söz, saz məclislərində iştirak edib. Necə deyərlər, saza da qulaq asıb, sözə də. Hətta özü də söz deyib həmin məclislərdə. Sonra da qarşılıqlı anlaşma ilə həmin dəyərli şairlərimizdən dörd nəfərinin şeirlərindən ibarət «Dəyirmanın alt daşı» adlı almanax kitab tərtib edərək onun «Vektor» nəşrlər evində çapını gerçəkləşdirib. 136 səhifəlik bu kitabda cənublu şairlərimizdən Mənuçehr Fəzil Xələf, Şərifə Cəfəri, Məhəmməd Əhmədi və Ədalət Omminin şeirlərini ardıcıllıqla bu almanaxda oxuculara təqdim edib.
Mən kitabxanamda yer alan və illər öncə İlham Qəhrəmanın mənə bağışladığı bu almanaxla bugündərdə təkrar bir də dərdləşdim. Bu da səbəbsiz olmadı. Son dövrlərin hadisələri istər-istəməz məni də cənuba, orda baş verən hadisələrə, dolayısı ilə də olsa istiqamətləndirir. Hətta tez-tez xalq şairimiz Süleyman Rüstəmin cənub şeirlərini oxuyuram. Xalq şairimiz Zöhrab Tahirin digər dəyərli qələm adamlarımız Hökumə Billurinin, Əli Tudənin poeziya dünyasına baş vururam. Elə həmin adlarını çəkdiyim və çəkmədiyim şairlərimizin (tez-tez isə sosial şəbəkədə ustad Şəhriyarın və cənublu aşıqlarımızın yaradıcılığını izləyirəm – Ə.M) sənət dünyası təkcə poeziyanın özünü yox, həm də cənub həsrətimizin mənim üçün nə qədər ağrılı olduğunu yenidən yaşadır, yenidən yaddaşımda, ürəyimdə təzələyir.
Bəli, indi oxuduğum «Dəyirmanın alt daşı» kitabındakı şeirlərdə də böyük Azərbaycan ruhu, böyük Azərbaycan sözü özünü büruzə verir. Həmin şair həmkarlarımız da təkcə mövzuları ilə deyil, həm də o mövzulardakı dilimizin dadını, tamını, şəkərini, balını, özəlliyini və gözəlliyini ifadə etmək məharəti ilə adamın könlünü oxşayır. Məsələn, Mənuçehr Fəzli Xələf yazır:
Harda ki, sağlıq var, azar da vardır,
Harada həyat var, məzar da vardır.
Ay Azəriellilər, bazar da vardır,
Nə alıb, nə satmaq sizə bağlıdır.
Və yaxud:
Azərelli, oldum elə tamarzı,
Gülüstanda qaldım gülə tamarzı.
İndi bir ürəksiz dula tamarzı,
Fələk belə payı yazdı, yazha yaz.
Şərifə xanım Cəfərinin şeirlərində isə təkcə zərif cinsin özəl duyğuları deyil, həm də bütövlükdə poeziyanın diqqət mərkəzində olan mövzusuna çevrilən ictimai-siyasi hadisələr də öz əksini tapıbdır. Məsələn, o yazır ki:
Mən öləndə
başım üstə
Quran oxunmayacaq ha!
Yalnız sənin şeirlərinlə
əbədiyyət yuxusuna
girəcəyəm.
Və yaxud:
Kəlmələr sızladıb
duyğularımdan.
Sonra da şeirlərin
götürüb getdi
bir daş altdan
bir daş üstdən…
sevindin hə?
dedin bəs ki…
kölgəm yerə batanacan
çəkəcəyəm səni mən də
arxayın ol
səni sənsiz
sevəcəyəm!
Məhəmməd Əhmədinin şeirlərində oxucu bir bayatı ovqatı hiss edir. O sanki duyğularını həmkarlarına, qələm dostlarına, duyğusal adamlarına sarı simdə çatdırmağı çalışır. Və yazır ki:
Hər gözəldən gözəl olmaz,
Hər yazıdan qəzəl olmaz.
Hər adamdan əzəl olmaz,
Orda olmaq Həvva gərək.
Və yaxud:
Mən ölsəm sən ardını yaz,
Camaatın dərdini yaz.
Mərdini, namərdini yaz,
Ömrün qalandan ay şair.
Ədalət Omminin şeirlərində də bir özünəməxsusluq yer alıbdır. O da fikirlərini oxucuya sanki saz üstündə, saz havasında çatdırır və yazır ki:
Yerəmi yalvarım, göyə bilmirəm,
Dərdimi söz ilə deyə bilmirəm.
Niyə ölməmişəm, niyə bilmirəm?
Matam özümdəki dözümə sənsiz.
Və yaxud:
Hardasa şairlər cəm olar bir gün,
Hardasa söz-söhbət dəm olar bir gün.
Hardasa Ədalət kəm olar bir gün,
Kövrəlib dizinə vurarsan onda.
Mən sizlərə təqdim etdiyim bu əl boydakı kitab yəqin ki, marağınızı çəkəcək və onu tapıb oxuyanda cənublu söz adamlarının, yəni Arazın o biri üzündə bizimlə eyni istəkləri, ağrıları, həsrəti bölüşənlərin poeziya dünyasındakı açıq və sətiraltı istəkləri, diləkləri ilə tanış ola biləcəksiniz.