“Xəzərdən soruşdum Müşfiqi, susdu, cavab vermədi...”
“Bakılı” sanatoriyasının həyətindəki bağda gəzirdik. Burada ahıl yaşlı, simasından qəm, kədər, həsrət yağan orta boylu bir xanım diqqətimi özünə çəkdi. Onu da bəstəboy bir qız müşayiət edirdi.
Bu zaman otaq yoldaşım Cəsarət mənə yaxınlaşdı. Mən ona tərəf döndüm.
-Sən oxanımı tanımadınmı? – deyə soruşdu.
-Yox tanımadım, necə bəyəm?
-Deyirdin ki, Mikayıl Müşfiqi çox sevirsən, onun adını oğluna qoymusan. Gördüyün xanım Mikayıl Müşfiqin sevimlisi Dilbər Axundzadədir.
-Doğru deyirsən? – həyəcanla soruşdum. - Bəlkə yanılırsan? Yəni Dilbər Axundzadə hələ yaşayır?
-Özündən soruş, - dedi Cəsarət müəllim.
Bir anlığa sanki bədənimdən ekektrik cərəyanı keçdi. Həyəcan məni bürüdü. Müşfiqin cəfakeşi, sevimlisi Dilbərin çəkdiyi məşəqətlər, qəmli həyat hekayələri, çəkdiyi iztirabları xatırladan Müşfiqin ildırım kimi parlayan şair obrazını, incə, lirik şeirlərini, məşhur deyimlərini xatırladım...
“Kommunist” qəzetinin 16 oktyabr 1988-ci ildə “Mikayıl Müşfiq-80” rubikasında “Kövrək yaddaş” adlı yazı ilə birlikdə verilmiş Mikayıl Müşfiqin şəklində onun məhzun baxışlarına baxmaq olmur. Bu Müşfiqin yeganə son şəklidir ki, şair onu öz istəyi ilə çəkdirməyib. Həbsxanada insan cəlladları məcburən çəkdiriblər, şair haqda uydurduqları “cinayət işinə” tikmək üçün. Onun gözlərində kədər var, niskil var, intizar var. Çağlayan şair ilhamının buxovlanması, mənəvi etirazıdır bu kədər!
Dahi şair Hüseyn Cavid Müşqifə yüksək qiymət verərək demişdi: “Mikayıl Müşfiq bir günəşdir, yandıqca yandıracaq”. Yerlə kifayətlənməyən Hüseyn əfəndi Müşfiqi “səma şairi” adlandırmışdı.
Şəfəq saçan sənətkar, azman şair, şöhrəti solmayan Müşfiqin qəlbini, beynini, bütün varlığını hüceyrə-hüceyrə, gilə-gilə əridib təzə əsərlər yazmağa xalqa, cəmiyyətə gözü dolusu, kamınca xidmət etməyə qoymadılar. Onun zərif rübabını qaba əllər sərt daşlara çırpıb sındırdılar, yazacağı misraları ürəyində dondurdular...
Dilbər Axundzadəyə ehtiyatla yaxınlaşıb salamlaşdım.
-Zəhmət olmasa Müşfiq barədə danışın, - deyə Dilbər Axundzadədən rica etdim. O, gözlərini məchul bir nöqtəyə zillədi, bəzi suallarıma ağır-ağır cavab verdi. Müsahibəni 1988-ci il “Bolluq uğrunda” (indiki “Lerik”) qəzetində “Dilbərin Müşfiqsiz günləri” adı ilə çap etdirdim. 1986-cı ildə isə işlədiyim eyni adlı qəzetdə “Müşfiq gəzib bur yerlərdə” adı ilə məqaləmi oxuculara təqdim etdim.
Mikayıl Müşfiqin 110 illiyi münasibəti ilə “Lerik” qəzetnin 23 iyun 2018-ci il tarixində “Xəzərdən soruşdum Müşfiqi, susdu, cavab vermədi...” oçerkini 1109 saylı məhbus – Mikayıl Müşfiqə həsr etmişəm.
Nadir istedadı, fitri qabiliyyəti ilə Azərbaycan poeziyasında xüsusi yeri olan Mikayıl Müşfiq 22 yaşında ilk kitabını çap etdirmiş, 26 yaşında Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur. O, ədəbiyyatı dəlicəsinə, xalqını müdrikcəsinə, Dilbəri Məcnuncasına sevdiyinə görə, 6 yanvar 1938-ci ildə güllələnmişdir. Lakin xalqın ürəyində, ruhunda əbədi olaraq yaşayır Müşfiq!
Müxtəlif illərdə Mikayıl Müşfiqlə əlaqədar çap etdirdiyim iki yazını “Ədəbiyyat” qəzetinə təqdim edirəm.
Müşfiq gəzib bu yerlərdə
Dərin müşahidə, duymaq və ifadə etmək qabiliyyətinə malik nadir istedadlardan biri olan Mikayıl Müşfiqin “Mənim dostum” poemasını çoxdan oxumuşdum. Elə o vaxtdan da məni bu sual narahat edirdi: doğurdanmı. Mikayıl Müşfiqin Lerikə (1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır) yönü düşmüşdür? Şairin poemada təsvir etdiyi surət və təbiət təsvirləri rayonun o vaxtkı ictimai-siyasi həyatı ilə nə dərəcədə bağlıdır? Poema ilə əlaqədar axtarışlar apardım və Müşfiqlə görüşən adamlarla söhbət etdim.
Əsasən lirik bir şair kimi tanınmış M.Müşfiqin ictimai məzmunlu, realist planda yazdığı yeganə satirik poemasıdır “Mənim dostum”. Şair bu poemanın mövzusunu Lerik rayonunun həyatından aldığı təəssüratlardan götürmüşdür.
O vaxtlar Zuvand rayonunun mərkəzi Lerik kəndi idi. Hazırda Zuvand dedikdə rayonun ərazisinin bir hissəsi nəzərdə tutulur. Yeri gəlmişkən deyim ki, “Zuvand” sözünün mənası talışca “oğulların məskən saldığı dağ” deməkdir.
M.Müşfiq Zuvandda 1933-cü ildə olmuşdur. Lerik rayon xalq maarif şöbəsinin işçisi Talıb Babayevin xatirələrindən: - Mən 1933-cü ildə Halabın kənd ibtidai məktəbində müəllim işləyirdim. Tətil günlərində, bayramlarda kəndimizə -Cəngəmirana gələrdik. O vaxtlar maarif şöbəsi bu kənddə yerləşirdi və onun müdiri Xasay Nəsibovla az-çox tanışlığım vardı.
Aprel ayından nə üçünsə kəndə gəlmişdim. Xasay məni evə çağırdı. Dedi ki, qonağım var, sən də gəl, həmsöhbət olaq. Razılaşdım. Xasayın yaşadığı mənzilə daxil olub gördüm ki, stulda bir cavan oğlan oturub. Düşündüm ki, yəqin Xasayın yeni tanışlarındandır, şəhərdən gəlib. Qara kostyum geymiş, ağ köynəyin üstündən də qalstuk bağlamışdı. Saçlarını səliqə ilə yana daramışdı. Gülümsər gözlərində işıq yanırdı. Mənə elə gəlirdi ki, onu hardasa gömüşəm. Ancaq harada? – xatırlaya bilmirdim.
Xasay qonağı mənə təqdim elədi:
-Tanış ol, Mikayıl Müşfiqdir, - dedi, - Bakıdan gəlib.
Müşfiqlə səmimi görüşdüm.
-Bizim dağlara xoş gəlmisiniz, səfa gətirmisiniz, dedim: - Yəqin bu tərəflər xoşunuza gəlib.
-Əlbəttə, xoşuma gəlir, - dedi: - Doğrusu, bu yerlərdə yaşamaq da, işləmək də hünər istəyir adamdan. Kəklikotu çayından heç doymaq olmur. Xasayın da ki, qayğıkeşliyini görürsünüz...
Müşfiqin səsindən hiss etdim ki, o axırıncı sözləri istehza ilə dedi.
Yaxşı yadımdadır. Mən Müşfiqlə Xasayı evimə qonaq dəvət elədim. Onlar üçün zəfəranplov bişirtdirdim, toyuq ləvəgisi elətdirdim. Çox xoşuna gəldi.
Bizdə olduğu gün onun son dərəcə xeyirxah, alicənab, mənəvi cəhətdən gözəl adam olduğunu gördüm. Hər sözü yerində deməyi bacarırdı. Şeirlərində necəydisə, xasiyyəti də eləydi. Həyatdan, insanlardan, yeni cəmiyyət quruculuğundan böyük şövqlə danışardı. Bədahətən bizə çox şeirlər söylədi. Təəssüf ki, adları yadımda qalmayıb.
Gedərkən Müşfiq bizimlə sağollaşdı. “Dağlarda yenidən görüşənədək” – dedi. Görünür ki, bir daha Lerikə gəlmək şairə qidmət deyilmiş. O unudulmaz görüşü heç vaxt unutmur, mehriban şairimizi tez-tez xatırlayıram...
-Bəs əsərin satirik qəhrəmanı Saday haqqında nə deyə bilərsiniz? – deyə Talıb Babayevdən soruşdum. O deyir:
-O vaxt Xasay Nəsibov Zuvand rayonunda maarif müdiri idi. Xasay Gəncədən gəlmişdi. Ancaq yerli camaat ona “Saday Mirzə” ləqəbini vermişdi. Bədəncə arıq, sarı saçlı idi. İri gözləri vardı, sifəti çopurdu. Ovçuluğa böyük maraq göstərərdi. Qoşalülə tüfənglə sərrast güllə atar, quşu göydə vurardı. Həm də “Mənim dostum” poemasında təsvir edilən Tirmə adlı itiylə ova çıxa, bundan böyük həzz alardı.
Xasayın yaşadığı evə bitişik kolxozun taxıl anbarı vardı. Bir dəfə gecəykən oğrular anbarı yarmış, xeyli taxıl aparmışdılar. O isə ya xəbər olmamış, ya da laqeydlik göstərmişdi. Buna görə Xasayı həbs etmişdilər. Lakin əldə ciddi sübut olmadığından onu buraxmışdılar. Xasay elə bir adam idi ki, özü barədə daha çox düşünərdi.
T.Babayeyin xatirəsindən də aydınlaşır ki, “Mənim dostum” poemasının mövzusunu şairə həyat özü vermişdir. Əski dünya ilə, qolçomaq ünsürləri ilə ciddi mübarizə getdiyi bir dövrdə Saday kimi “müəllim”in mövqeyi şairi qəzəbləndirir. Əsərin satirik qəhrəmanı Saday buqələmunsayağı dondan-dona girən bir ziyalıdır. İnqilabdan əvvəl “müəllimliklə” məşğul olan bu adam Göyçə mahalındandır və Qoridə təhsil almışdır. Türkmənistanda, Gəncədə, Bakıda müəllimlik edib, pis əməllər üstündə ifşa edilib. Maarif müfəttişi kimi Zuvand rayonuna göndərilib.
Saxtakarlıq etdiyinə görə işfa olunmuş Xasay Nəsibovu şair Saday adı ilə poemada oxuculara belə təqdim edir.
Lerik rayonunun maarif cəbhəsində mübarizə etdiyi bir dövrdə Almazlar kimi qoç döyüşünə girmək əvəzinə Saday “Müəllim babayam, mənə nə firqə? Mənim yolum başqa, məsləkim başqa” – deyir. Saday kimi müəllimlərin məsləksizliyi barədə oxucuda aydın təsəvvür yaranır. Şair öz şəxsi mənafeyini ictimai mənafedən üstün tutmağı xalq müəlliminə bağışlanmaz səhv hedab edir.
Şair Saday barədə danışanda nə qədər satirikdirsə, onun ova çıxıb gəldiyi yerləri təsvir edəndə bir o qədər lirikdir.
Zuvand meşələrinişair ilhamla qələmə almışdır.
...Zuvand meşələri olduqca qalın...
Bakıya getməsin sənin xəyalın.
Göylərdə lacivərd, əlvan buludlar,
Yerlərdə meşələr, boylu palıdlar.
Qızılgöz ağaclar, dəmir ağaclar,
Rəngin bir xalıya bənzər yamaclar.
Gül-gülü çağırır, çiçək-çiçəyi.
Sular qart dağlartın bəyaz bircəyi.
Belə mənzərədən kim ayrılar, kim?!..
Əsərdə Lerikin təbiəti beləcə yaddaqalan lövhələrdə əks etdirilmişdir.
Şair poemanın sonunda müəllimlərin inqilab işi uğrunda nələr çəkdiyini yada salır, Saday kimi adamların isə müəllim adına ləkə gətirdiyini qeyd edir və məsləhət görür ki, “qovun içinizdən böylələrini”.
“Mənim dostum” poeması Lerikin füsunkar təbiətinin bədii əsərlərdə ilk ifadədəsi baxımından da əhəmiyyətlidir.
1986
Dilbərin Müşfiqsiz günləri
Kişi qeyrətli, Həcər ürəkli, mənliyini, ləyaqətini qoruyub saxlayan, bu günəcən Müşfiqə sədaqəli olan Dilbər Axundzadə ilə Bakıda görüşmüşdüm. Söhbətimiz Müşfiqdən düşdü...
Mikayıl Müşfiq az yaşadı, 31 bahar yola saldı. On iki il yazıb yaratdı. Qısa ömür yaşasa da, məşum 37-ci ilin ibis ürəkli cəlladlarına baş əymədi, facianə ölümü ilə ölməzlik qazandı...
-Dilbər xanım, Mikayıl Müşfiqlə tanış olub evləndiyiniz günləri necə xatırlayırsınız? – soruşdum.
-Bugünkü kimi yadımdadır. 31-ci ilin baharı idi. Bakı pedtexnikumunda oxuyurdum. APİ-də buraxılış gecəsi olacaqdı. Əmim arvadı Fəramuşla ora getdik. Bir dəstə gənc nə barədəsə söhbət edirdi. Ortaboylu, enlikürək, qaragöz, iti baxışlı, düymə dodaqlı, qəhvəyi kostyum geyinmiş bir gənc yoldaşlarından ayrılıb bizə sarı gəlib salamlaşdı. Əmim arvadı dedi:
-Tanış olun, tələbə yoldaşım Mikayıl Müşfiqdir.
Sonra o bizi də Müşfiqə təqdim etdi. Müşfiq fikirli idi. O, tələbəlik illərinin belə tez başa çatmasına təəssüflənirdi. O vaxtlar şeirə, sənətə maraq böyük idi. Müşfiqin təzə çapdan çıxmış “Küləklər” kitabını oxuyub müzakirə etdik.
Get-gedə Müşfiqə yaxınlaşmağa başladı. O, məni tez-tez görüşə çağırsa da uzun müddət getməz, məktublarını cavabsız saxlardım. Müşfiqin mənə olan ciddi və dərin məhəbbətini birdən-birə dərk etmirdim. Nişan gecəmiz 1932-ci ilin aprelində oldu. H.Cavid, Ə.Cavad, A.Şaiq, R.Rza, M.Hüseyn həyat yoldaşları ilə birlikdə gəldilər. Bülbül isə qəfəsdə bir neçə bülbül gətirmişdi. Nişan gecəmiz ədəbi-bədii axşamı xatırladırdı. Bir il iki aydan sonra kəbinimiz kəsildi, toyumuz oldu. Dərülmüəllimi bitirdikdən sonra məni Gəncəyə müəllim təyin etdilər. Sonra Bakıya qayıtdım. M.Müşfiqin və H.Cavidin məsləhəti ilə tibb institutuna daxil oldum.
-Müşfiqin fitri istedadı, gözəl təbii, yoldaşlarına münasibəti barədə fikrinizi bilmək istəyirik.
-Doğrudan da Müşfiq nadir istedad sahibi idi, dərin qavrama qabiliyyəti vardı onda. Bədahətən şeirlər deyərdi. Bir dəfə başqasının yazdığı şeiri oxumaqla yadında saxlaya bilirdi. Şən, coşğun, gülərüz, zarafatcıl, ürəyi saf idi. O, mixəyi gülü qoxulamaqdan, tamaşa etməkdən doymazdı. Yoldaşları ilə son dərəcə mehriban və səmimi idi. Elə Müşfiq sözünün mənası da işıqlı, mehriban deməkdir. Müsahibinin fikirli olduğunu görəndə mütləq səbəbini öyrənməyə çalışır, köməyinin əsirgəməzdi. O vaxtlar C.Vurğun, R.Rza, M.Rəfili, M.Arif, M.Hüseyn, C.Cabbarlı, Əliağa Vahid, S.Rəhman, Y.V.Çəmənzəminli, A.Şaiq, tarzən Qurban Pirimovla dost idi. Onlar tez-tez bizə yığışar, təzə əsərlərini oxuyub müzakirə edirdilər.
-Müfiqin Hüseyn Cavidlə dostluğunu xatırlayırsınızmı? Hüseyn Cavid Müşfiq barədə demişdi: “O bir oddur, özünü yandıracaqdır”.
-Əlbəttə, xatırlayıram. Hüseyn Cavidlə biz Şüvəlanda bağ qonşusu idik. Şairin “İblis”, “Şeyx Sənan” əsərlərindən parçalar əzbərləmişdik. Yadımdadır ki, şairin oğlu Ərtoğrul Şüvəlan bağında özünü İblis qiyafəsinə salıb bu əsərdən parçaları xüsusi məharətlə oxuyardı. Cavid gəncləri dinləməyi çox xoşlardı. Gəncləri ziynətinə yox, biliyinə, zəhmətinə, sağlamlığına qiymət verərdi.
Müşfiqlə ailə həyatı qurduqdan sonra Cavidlə dostluğumuz daha da möhkəmləndi. Cavid deyərdi: “Müşfiqə evdə elə şərait yarat ki, o, yaradıcılığı üzərində yaxşı çalışıb inkişaf etsin”. O, bir dəfə Müşfiqə dedi ki, külliyyatımı toplamaq fikrindəyəm, redaktoru da sən olacaqsan. Şair bu arzuya çata bilmədi. Cavid dahiyanə uzaqgörənliklə Müşfiqin başına gələn fəlakəti əvvəlcədən hiss etmişdi.
-Müşfiqə “xalq düşməni” damğası vurulub həbs ediləndə o məşum illər necə xatirinizdə qalıb? Müşfiqə ölüm hökmü çıxaranlara yazılı izahat vermiş və sonralar onun haqqında “ağızolusu” danışanlar da olmuşdur...
-O illərin bir sıra istedadlı qələm sahibləri, partiya və dövlət xadimlərinin “xalq düşməni” adı ilə “yoxa çıxması” adi hal almışdı. 1937-ci il iyununda 3-də Azərbaycan K (b) P-nin XIII qurultayı keçirilmiş, birinci katib Mircəfər Bağırov hələ ifşa olunmamış qəddar “xalq düşmənləri”nin adını çəkilmişdi. Qulluq göstrənlər bu günün işini sabaha qoymayıb elə gecəykən həbslərə başlamışdılar. Otuz səkkizinci ilin yanvarında məni də Müşfiqin ailəsinin üzvü kimi Nijne-Briyitskaya küçəsində yerləşən 108 nömrəli mənzildə həbs etdilər. Qanlı 37-ci ilin tufanı Müşfiqi də apardı. Hətta “xalq düşmənləri”nin ailələrinə salam vermək də təhlükəli idi. Nahaq söz yeriyirdi. Adamları yalandan şahidlik edib üzə durmağa məcbur edirdilər. Bu adamları torpağa basdırmağa da layiq görmürdülər. Qətlə yetmiş “37-nin” qurbanlarını hara gəldi atırdılar. Cəmisi 20 dəqiqəyə ölüm hökmü oxunmuş Müşfiqin inandığı, hörmət etdiyi adamların iftira, böhtan dolu ifadələrini ona göstərəndə şairin düşdüyü vəziyyəti təsəvvür edirsinizmi?
1938-ci il yanvarın 6-da şairi cismən məhv etdilərsə də onu xalqın qəlbindən çıxara bilmədilər. Müşfiq əbədiyyətə qovuşdu...
-M.Müşfiq 1933-cü ildə “Mənim dostum” adlı satirik poema yazmışdı. Poemada Müşfiq maarif sahəsində işləmiş Xasay Nəsibov adlı birisini ifşa etmişdir. Şair Lerikin bənzərsiz gözəlliklərinin ustalıqla qələmə almışdır. Müşfiq həm də təbiət, gözəllik aşiqi idi...
-Sözün əsl mənasında təbiətin gözəlliklərini duymaqda Müşfiq mənə yaxından kömək etmişdir. Uca dağlara, yaşıl meşələrə, ayna sulata baxdıqca ilhamı qanadlanardı. Respublikamızın rayonlarını gəzməyi çox sevərdi. Gördüyü yerlərin təbiəti barədə mənə həvəslə danışardı.
“Mənim dostum” poemasının yarandığı dövrü yaxşı xatırlayıram. Əsərin qəhrəmanı Gəncədən idi. O, qonşuluğumuzda yaşayırdı, dələduzun, əliyrinin biri idi. Çalışdığı işdən bir neçə dəfə kənar edilmişdi. Ailəsi böyük idi. Müşfiq deyirdi ki, ona yox, balalarına yazıqlığım gəlir, axırı pis qurtaracaq. Sonra saxtakarlıq etdiyinə görə onu tutdular. Arvadı xəstəxanaya düşmüşdü. Köməksiz qalmış körpələrə Müşfiq yardım edər, məndən xahiş edərdi ki, onlara isti xörək verim. Heyif ki, Lerikdə olmamışam, deyirlər gözəl təbiəti, mehriban insanları vardır...
-Sağlıq olsa gəlib, görərsiniz.
-Əlbəttə, sağlıq olsun.
-Müşfiqsiz günləriniz necə keçir, Dilbər xanım?
Dilbər xanım uzaqlara baxıb fikrə gedir:
-Nə deyim.
-Əgər Müşfiq sağ olsaydı müdrik ana, vəfalı həyat yoldaşı kimi ona nə arzu edərdinis?
-Yenə də xalqın əbədi hörmətini qazanmağı, insanların səadəti, xoşbəxtliyi naminə ömür sürməyi, əyilməz olmağı, həqiqətin gözünə dik baxmağı...
-Maraqlı söhbətiniz üçün sizə təşəkkür edirəm, Dilbər xanım...
İdris ŞÜKÜRLÜ,
Azərbaycan Əməkdar jurnalisti
Lerik-Bakı