“PALİTRA” ƏDƏBİ KLUBUNUN PAYIZ TƏBƏSSÜMÜ

Dünən (27.10.2024) “Palitra” Ədəbi Klubunun növbəti “son bazar” yaradıcılıq günündə AYB Mingəçevir bölməsində təmsil olunan yazarlar yenidən birlikdə idilər. Əvvəlcə qələm dostlarını salamlayan bölmə rəhbəri İsmayıl İmanzadə, növbəti həftələr ərzində görülməsi nəzərdə tutulan bir sıra önəmli işlərdən,-“Azad qələm” jurnalının baş redaktoru, tanınmış şair-publisist,- ən başlıcası isə, bir vaxtlar ədəbi aləmə ilk addımlarını AYB-nin Mingəçevir bölməsində atmaqla, sonrakı uğurlarını sıralayan Nəcibə İlkinlə keçiriləcək görüşdən söz açdı və bölmənin 25 illik yubileyi ərəfəsində “Bənövşə” ədəbi dərgisinin “25-Cİ ADDIM” adlı xüsusi buraxılının nəşr edildiyini söyləyərək, yazarları sevindirdi. Bölmənin noyabrın əvvəllərində Mingəçevirdə keçirilməsi nəzərdə tutulan yubiley tədbiriylə ilgili bir sıra vacib məsələlərdən söz açaraq, çıxışını bir həftə qabaq Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilən gənc şair Nicat Hunalpı təbrik etməklə tamamladı.
Tədbirin ikinci bölümü Rəşid Rəsulovun xeyir-duaları ilə ayaq açdı. Tələbə-yazar Mədinə Rəhimova hekayəsini, şairlərdən Bəhman Gülövşəli, Məmməd Mərzili, Namiq Zaman, Mahir Musa, Eldəniz Cəfəroğlu, və Nicat Hunalp yeni qələmə aldıqları şeirlərini oxudular. Mingəçevir Dövlət Universitetini dosenti Mehman Rəsulov həmkarlarının təqdim olunan yazıları barədə çeşidli mülahizələrini dilə gətirdi. Yazçı-dramaturq Elçin Məhərrəm və gənc nasir Şamil Həsən də hekayələrini uxumaqla söz məclisinə unudulmaz anlar bəxş etməyə nail oldular. Tədbirə qonaq qismində qatılan və illər öncəsi Mingəçevirdə yaşamış mərhum şair Murad Xasməmmədovun öğlu İlqar atasının bir neçə şeirini oxumaqla, atasına rəhmət qazandırmağa nail oldu.
Sonda bölmə rəhbəri İsayıl İmanzadə də son şeirlərinin bir neçəsini dilə gətirdi və yaradıcı həmkarlarına uğurlar dilədi...
Bölmənin yerləşdiyi geniş otağın açıq pəncərələrindən damla-damla içəri süzülən günəşinin solğun şüaları payızın ilıq “təbəssümünə” qarışaraq söz məclisinin yaddaşında iz saldı...
NİCAT HUNALP
Azərbaycan Yazıçılar Birliyinin üzvü



