Əbülfət Mədətoğlu : - Ağrı

Ögeyliyi gözdən qaçmır, gizlənmir
Baxışı da kəsir hətta buz kimi....
Öz işini bildiyindən, bizlənmir
Yara üstə basılmış saf duz kimi -
Şellənir ağrı!..
Qapı döymür, izin almır, həvəslə
Yurd saldığı bədəndən o can yolur...
Sövdələşib varlıqdakı nəfəslə
Gah qasırğa . gah tufan, gah yel olur -
Yellənir ağrı!..
Fikir də dolaşır, söz də əyilir
Tək bircə gecəni dinc yatmayanda...
Hərdən ortalıqda belə deyilir :
- Dəhnəsin tutmağa güc çatmayanda -
Sellənir ağrı...
Nə sevgi qazanır, nə də ki, nifrət
Tikan üstündədi günüm, gecəm də...
Nə vaxt hakim olur hər kəsə xiffət :
- Tək bircə məqamda - eldən köçəndə -
Ellənir ağrı!..