Ələsgər ƏLİOĞLU : -MÜQƏDDƏS YALAN
Bakı-Qroznı reysi zamanı həlak olan stüardessa Hökümə xanım Əliyevaya həsr edirəm.O, ağır qəza anlarında da özünü qürurlu apararaq, sərnişinləri təmkinli olmağa səsləmişdi... Bundan xəbər tutarkən ürəyimə bir bənd gəldi. Səhər-səhər həmin bəndi dostlarla paylaşdım... Ancaq bu bir bənd artıb üç bənd oldu...
Neçə-neçə yazan-pozanlar oldu,
Hər sətri kifləndi, sözü büzüşdü.
Sən dedin ki, "hər şey yaxşı olacaq",
Bir kəlmən dillərdən-dillərə düşdü.
Ömrünü bəzədi əbədi bir yaz,
Elə düşünmə ki, bar gətirmədin...
Bildin bu əcəldən yayınmaq olmaz,
Yenə də ölümdən söz götürmədin...
Qıymadın qorxuya əyilsin insan,
Qürurla yapışdın sən ləyaqətdən.
Dilə gətirdiyin müqəddəs yalan,
Heç geri qalmadı bir həqiqətdən...
25-26. 12.2024