Ağamir Cavad : - SƏN DƏ ÖZ DÜNYANIN SAHİBİ OLDUN

Ədəbiyyat 10:45 / 27.12.2024 Baxış sayı: 357

 

İstedadlı şairə Samirə Sahib qızına

 

Ülvi duyğuların qoynuna sığın,

Gözəl sabahlarçün işıqlanır dan.

Yurduna nur saçır könül işığın,

Keçmisən həyatın imtahanından.

 

Daim ucadadır eşqin, qürurun,

Kədər vüqarına gülə bilmədi.

Həyat aldısa da gözünün nurun,

Qəlbinin işığın ala bilmədi.

 

Aləm yanacaqdır haqqın oduna,

Mərdlər haqsızlığı haqqa qatmayıb.

Tanrı vergisinə, istedadına

Heç vaxt kor həyatın gücü çatmayıb.

 

Sözün dilə gəlir könül varınla,

Şeirlə yazılıb ömrün varağı.

İlahi eşqinlə, duyğularınla

Çağlıayar qəlbinin ilham bulağı.

 

Bu dünya gəlməyir imana, dinə,

Tükənməz eşqinlə Tanrını dinlə.

Qalibsən həyatın hər dərd-qəminə,

Nəğməyə çevrilmiş şeirlərinlə.

 

Uca zirvələri çox vaxt tutur çən,

Biz isə inamla çıxırıq dağı.

Azmadın ömrünün yollarında sən,

Yoluna nur salıb sözün işığı.

 

Tanrı özü verir haqq qiymətini,

Vüqarlı insanlar daim ucadır.

Dərk etdin həyatın həqiqətini,

Bu dünya özü bir gözbağlıcadır.

 

Çarpışdın, vuruşdun bu ayla, günlə,

Gözəl arzularla boşaldın, doldun.

Bitib-tükənməyən həyat eşqinlə

Sən də öz dünyanın sahibi oldun.

 

Yoluna nur saçır hər şeirin, sözün,

Sözlərin sehrindən çələng hörürsən.

Əgər açıqdırsa bəsirət gözün,

Həyatı hamıdan yaxşı görürsən.