Ələsəgər ƏLİOĞLU : - GEDİM

Ədəbiyyat 16:05 / 11.01.2025 Baxış sayı: 1006

 

 

Mənşəyi bilinmir bağça-barın da,

Böhtan yuva qurur budaqlarında...

Suları bulanır bulaqların da,

Barı hisslərimlə yuynub gedim.

 

Namərdlər damında bordaq saxlayır,

Yalanlar kökəlib, buxaq sallayır...

Şeytanlar altıncı barmaq saxlayır,

Axı nə xeyiri, deyinib gedim!?

 

Qarışqa əlində yesirdir fillər,

(Deyəsən dəyişik düşür fəsillər!..)

Tükənmək bilməyir fitnələr-fellər,

Səbrimin gözündən yayınıb gedim.

 

Ehtiyac zamanın püşkünə qalıb,

Nifrətim püskürə-püskürə qalıb...

Nimdaş köynəyimdən pis günə qalıb-

Dünyanı əynimdən soyunub gedim.

19.04.2023