ƏLƏKBƏR SALAHZADƏ: - Bu axşam mən qəribəm;

Bu axşam mən qəribəm;
qəribədən qəribə.
Səhər sanki Şərqdə idim,
indi də üzü Qərbə.
Sozalmışam, saralmışam,
bənzəyirəm qüruba.
Bir obayam - yazı solmuş,
payıza qərq bir oba.
Xəyalları sınıq, qırıq,
İçimdə bir xaraba.
Atları atıb getmiş
arabayam, araba.
Bu axşam - həm qəribəm,
həm də bir az qəribə;
Səhər üzü gündoğana,
axşam isə qüruba...
2000-ci il