Ehtiram İlham - MƏN
****
Gözümü açandan qalıb, içimdə
Bircə xoş niyyəti bəsləyirəm mən.
Ruhun kökdən düşən şah pərdəsini
Kövrək tellər üstə səsləyirəm mən.
Doğrum yalanımın əlində dustaq,
Günü günə satıb, açılmır sabah.
Bəs deyirdilər ki, üzülməyir haqq...
Yüz ildi yolunu gözləyirəm mən.
Qara-qara qaralanan ağımı,
Yağı-yağı yağmalanan yağımı,
Dağım-dağım dağılası dağımı
Sinəmə dağ basıb, közləyirəm mən.
Ehtiram yol getdi, şərə batmadı,
Dosta könül verdi, düşman satmadı.
...Onsuz da heç nəyə gücüm çatmadı,
Yaxşı adam olmaq istəyirəm mən.
05.02.26.