BAĞIŞLAYIN GÜNAHIMIZI - Ələddin Əzimli

Ədəbiyyat 19:21 / 07.02.2026 Baxış sayı: 218

 

"Sözlərdəki sən"dən

Gəl çıxaq

dəniz sahilinə.

Gəzə-gəzə

dənizdən danışaq.

Neçə illər uzunu

ürəyimə xal salan

sənsizlikdən danışaq.

Qayğısız qağayılar

ötsün başımız üstən

keçən aylar, illər kimi.

İstəyirəm

heç olmasa bircə kərə

o vaxtkıtək

titrəsin qəlbimin simi.

İndi-

bu anda,

köhnə limanda,

sahilə yan alan

yorğun gəmi kimiyik.

Görürsənmi,

ləngər vurur gəmi.

Can atır sahilə

nəfəsini dərmək üçün.

Biz də yorulduq, deyəsən,

axı niyə,

axı nə üçün?

...Üzümü

tuturam ötənlərə, dənizə

və deyirəm, gec də olsa,

qapı kimi laybalay ürəyinizi açın,

deyin sözünüzü.

Bağışlayın səhvlərimizi,

günahımızdan keçin...