Əşrəf Veysəlli - SALAM

Ədəbiyyat 09:00 / 01.02.2026 Baxış sayı: 1211

 

Salam bu köhnə dünyaya

təzə gələn şairlərə.

Söz deyib mətləb anladan,

qədir bilən şairlərə.

 

Bir nəfəsə min ah çəkən,

hər sözünü sınaq çəkən,

kədərə şaqqanaq çəkən,

dərdə gülən şairlərə.

 

Əriyib sözə yığılan,

gözlərinə qan sağılan,

hər gün təzədən doğulan,

hər gün ölən şairlərə.

2015- ci il.