Əbülfət Mədətoğlunun ŞEİRLƏRİ

Gündəm 09:37 / 13.10.2024 Baxış sayı: 1587

 

Bir kəlmə...

Sənə yazdığım məktub

Bircə kəlmədi , Qadın!..

O da Salam və bir də

Sənin və mənim adım!..

 

Bilirəmki, bu məktub

Vaxtını çox alacaq...

Bir gözün tək kəlmədə -

Biri yolda qalacaq!..

 

Dolaşacaq xəyalın

Gözünü sel yuyacaq...

Məktub aldığını da -

Evdə hamı duyacaq...

 

... Oxu , sonra məktubu

Bacarsan cır, ya yandır...

Məktubdakı üç ada -

Sevdiyini inandır!..

 

Təbəssümlü ŞEİR

 

Beşdaş oynayır sanki -

Kədər mənlə diz-dizə...

Doğma olub inanki-

Qədər mənlə - biz-bizə

 

Əvvəl desən də heçdin

Amma sən məni seçdin!

Sonra tələsik keçdin -

Hədər, mənlə "Siz-Biz"-ə!..

 

Hər halımı sınadın

Ürəyincə qınadın!..

De , bitəndə inadın -

Nətər gələk biz sizə?!

 

Məzar başında pıçıldadığım...

 

(Atamın və anamın ziyarətində)

 

Gəlmişdim sizi görməyə,

Susdunuz anamla, atam...

Dünyanın heç bir yerində -

Belə qarşılanmır adam...

 

Sarıldım baş daşınıza

Dedim, sizdən qalan odam...

Fırlandım mən başınıza -

Necə fırlanırsa adam...

 

Görən ruhunus duydumu

Nə qədər doğmayam, yadam?!.

Yanan qəlbiniz doydumu -

Mən köçdən qalan adamam

 

...Gəldim ağlayıb gedirəm

Göz yaşım qalır sizinlə...

Sizdən bir rica edirəm -

Hələlik...gedim izinlə!..

 

Ömürdən bir gün...

Mənzərəsi ürək sıxır bu günün,

Bir qapıdı, bir pəncərə. dörd divar...

Barmaqlarım aça bilmir düyünün -

Arasında keçilməyən hörgü var!..

 

Qucaqlayıb elə bil ki, daş- daşı

Bir az çapıq, bir az hamar- yaş daşı...

Mən özüməm bu günümün yaşdaşı -

Ona görə kipriyimə yağıb qar!..

 

Səpilibdi üzü göyə toz, duman

Bir görən var, on beş isə göz yuman!

Azaldıqca saz dinləyən, söz uman -

Dünyamız da kiçilərək olub dar!..

 

Gerçəkləri xəyal kimi hörmüşəm,

Bilməmişəm, bu da məni ağrıdar!..

Elə bu gün ayılmışam, görmüşəm -

Tar bağlayıb ürəyimdə, ağrı, tar!

 

... Mənzərəsi ürək sıxan bu günün

Bir ad gülür dodağının ucunda...

Ümid çözür gerçəkliyin düyünün -

Bant edərək ürəyimi saçında!..