Xanim Ismayilqizi - Yuxarıdan baxanda...
Yuxarıdan baxanda kimi quş, kimi balıq,
Sürünənlə, qaçanla dolub-daşır aralıq,
Dünyanın içindədi bütün yoxluq və varlıq...
Göylərə minnətdarıq.
Biz də birlikdə varıq.
O tərəfdə qalib var, bu tərəfdə uduzan,
Gözə görünməsə də hər şeyi yazan, pozan,
Qapısız qalsa belə öz otağında azan...
Göylərə minnətdarıq.
Biz də birlikdə varıq.
Yeddi gün, yeddi gecə yeddi qatdan alınıb,
Bütün yer kürəsinin ətrafına dolanıb,
Dünəndən sabahadək hər saata calanıb...
Göylərə minnətdarıq.
Biz də birlikdə varıq.
Səhər ağacda bitmir, onu yetişdirən var,
Axşama sevinc ilə qəmi görüşdürən var,
Gecəni ömrümüzə yazıb ötüşdürən var...
Göylərə minnətdarıq.
Biz də birlikdə varıq.
Bu aləm həm hədiyyə, həm də ki sınaq yeri,
Həm vüsal, həm ayrılıq, həm nahaqq, həm haqq yeri,
Bu torpağın altı da, üstü də qonaq yeri...
Göylərə minnətdarıq.
Biz də birlikdə varıq.
Yuxular Tanrımızın tapmacası kimidir,
Tapmacanın cavabı sehrin, sirrin yeridir,
Rəbbimiz göstərir ki, gedənlər də diridir...
Göylərə minnətdarıq.
Biz də birlikdə varıq.