Ələddin Əzimli - VAXT GƏLƏCƏK

Gündəm 12:28 / 02.12.2025 Baxış sayı: 1622

 

("Sözlərdəki sən"dən)

 

Vaxt gələcək,

ətəyindən yapışıb,

arxasınca kölgətək

dizin-dizin sürünüb,

qoşulub küləklərə,

gedəcəksən uzaqlara

yedəyində dünyanın.

Vaxt gələcək,

gözləmədən azacaqsan

istisində, soyuğunda,

dumanında, boranında,

yaxşı yaman bilməyən,

səninlə düz gəlməyən

üzüqara dünyanın.

Vaxt gələcək,

yetişəcək zamanın,

əlin yerdən üzüləcək,

səsin sönüb itəcək,

düşəcəksən hiss etmədən,

ağır bir daş kimi

qucağına dünyanın.