Azərbaycanlılar Türkiyəni sevməlidir. - yazd  Ulucay Akif

YAZARLAR 10:55 / 28.03.2025 Baxış sayı: 1110

Azərbaycanlılar Türkiyəni sevməlidir. Bunun o tərəf-bu tərəfi yoxdur. Əgər Azərbaycanı sevirsənsə, mütləq və mütləq Türkiyəni də sevməlisən. Mənə görə, bu, belədir.

Bunun qətiyyən türklüklə, türkçülüklə, milliyətçiliklə, qardaşlıqla, doğmalıqla əlaqəsi yoxdur. Türk olduğunu düşünməyənlər də Türkiyəni sevməlidir. Azərbaycanı sevirsənsə, Türkiyəni də sevməlisən.

Çünki sənin ölkənin ən taleyüklü məqamında - Vətən savaşında mərdi-mərdanə yanında dayanan, sənin mövqeyini, sənin həqiqətlərini qoruyan yeganə ölkə Türkiyə oldu.

Həm Türkiyənin siyasi və hərbi rəhbərləri beynəlxalq arenada uca səslə sənin yanında olduğunu bildirdi, həm də Türkiyə xalqı sənin yanında olduğunu dilə gətirdi.

Sən bu həqiqəti heç bir yerdə gizlədə bilməzsən.

Heç kim bu həqiqəti dana bilməz.

Türkiyə ürəkdən və ürəklə oldu yanımızda.

Təkcə müharibə zamanı yox, işğaldan sonrakı həmin o 30 illik dönəmdə də ancaq və ancaq bizim maraqlarımızı dəstəklədi Türkiyə. Ermənistan ilə sərhədləri bağlı saxlamaqdan tutmuş, bütün beynəlxalq sammitlərə, rəsmi və qeyri-rəsmi görüşlərə kimi həmişə, hər yerdə "Qarabağ Azərbaycanındır!" dedilər.

Müharibə dövründə təklənmədiksə, bunun tək səbəbi Türkiyənin qətiyyətli duruşu idi.

Məhz buna görə Türkiyəni sevməyə borcluyuq.

Qarabağ məsələsində bu mövqeyi İran da sərgiləsə, şəxsən mənim İrana da böyük sevgim yaranardı. Amma gördük ki, İran bunu eləmədi və heç gözləmirdik də.

Məsələ bu qədər sadədir. Türk oldun, olmadın, fərqi yoxdur, Azərbaycanı sevirsənsə, Türkiyəni də sevməlisən, o ölkəyə, o xalqa da hər şeyin gözəlini arzulamalısan.

Həmçinin mən Ərdoğanı da çox sevirəm. Hazırda Türkiyədə baş verən proseslərdə kim dəstəklənməlidir, bilmirəm, başım çıxmır. Ümid edirəm ki, bunu türk xalqının özü daha gözəl bilir və inanıram ki, kimi dəstəkləmək lazımdırsa, onu da dəstəkləyəcəklər.

Türkiyə üçün xeyirlisi, doğru olanı necədirsə, elə də olsun istəyirəm. Amma bu, mənim Ərdoğanı sevdiyim həqiqətini dəyişmir. Mən Ərdoğanı Azərbaycan vətəndaşı kimi sevirəm. Haqq savaşımızda, savaşdan əvvəlki və savaşdan sonrakı dönəmdə bizi dəstəklədiyi üçün sevirəm onu, amma hansısa Türkiyə vətəndaşı onu sevməyə bilər. Çünki Türkiyə vətəndaşı Ərdoğanı təkcə Qarabağ məsələsindəki mövqeyi ilə qiymətləndirmir.

Yəni orda baş verən proseslərə təkcə öz pəncərəmizdən baxmamalıyıq. Öz mənafeyimizi güdməməliyik. Türkiyə dövləti və türk xalqı üçün ən xeyirlisi nədirsə, onu arzulamalıyıq. Özümüz üçün nəsə arzulamaq sevgi yox, eqoistlik olar.