Bəhruz  Niftəliyev : - Ala gözlərin apara məni...

Ədəbiyyat 21:45 / 29.03.2025 Baxış sayı: 875

Ala gözlərin apara məni,

Ala bu qəmdən, qopara məni!

 

Ala gözlərin sular rəngində,

Dənizə bənzəyir üstü buludlu.

Hərdən elə baxırsan soyuq halıma,

Sanıram günəşsən, isti, ümidli..

 

Hərdən elə baxırsan susub ağlıma

mim rəng gətirirəm, bənzəri yoxdu.

Bilirsən gözlərin niyə gözəldi?

Ənliyi, kirşanı, bəzəyi yoxdu.

 

Hərdən elə baxırsan dərin dərdimə,

Qərq olub, qeyb olub, yoxa çıxıram.

Baxışın bəs edir sərt qayalara,

Bir anda ürəyi yuxa çıxıram …

 

Tanıya bilmirəm özümü hərdən,

Vuruldum, tutuldum, duruldum, hər nə…

Bir az da, bir az da ensəm dərinə,

Ruhumun rəngini görə bilərəm.

 

Bu boz dünyada səma olmasa,

Ulduz parlamasa, günəş doğmasa,

Bu buz dünyada ölə bilərəm!

Ala gözlərin aparır məni,

Alıb bu qəmdən qoparır məni!

28.03.2025