Behruz Nifteliyev : - Yığmışam ruhumu
Yığmışam ruhumu
Küncümdən, bucağımdan.
Salmışam boşluqları,
Salmışam qucağımdan,
Sənə dolu gəlirəm!
Ömürdü pərən-pərən,
Gözlərimdə közərən,
Yaşarmağı gözləyən,
Qəmə doğru gəlirəm!
Gəlirəm yoluma çıx,
Qəlbi qapa… baş açıq.
Bir balaca, azacıq,
Yenə yorğun gəlirəm!
Tut əlimdən duy məni,
Et özünə tay məni,
Külək qırıb düyməmi
Qəlbi açıq gəzirəm…
Soyuqdu ürəyimə,
Yarpaq ört üzərinə.
Tanrının gözlərinə,
Nədən acı gəlirəm?
Kədərlərin Tanrısı,
Yamandı dərd ağrısı.
Bir içimlik hanı su?
Günah bilib içirəm.
And yerinə badəni,
Dad yerinə bədəni,
Nədən atıb sadəni,
Mürəkkəbi seçirəm?
Mənə qorxu gətirən,
Sənə doğru gəlirəm!
Allah , özün qarşıla,
Məni qoru, gəlirəm!
09.11.24-13.11.24