Arzu  Əsəd : - Din anlayışı

YAZARLAR 10:22 / 20.08.2025 Baxış sayı: 2024

Din anlayışı ortadan qalxarsa, şəhadət anlayışı da dünyəviləşəcək, adiləşəcək.

Şəhidin bu dunyada yaşayanlardan daha diri olduğunu, Allahın yanında ən yüksək mərtəbədə olduğunu bizə din deyir. Bu dini-metafizik kökü, əlaqəni şəhid anlayışından qoparsaq şəhidin sonsuzluqla, ölümsüzlüklə bağını qoparmış olacağıq. O zaman şəhidin əbədi məkanı yalnız onu xatırlayan fanilərin qəlbi, düşüncəsi olacaq.

Bu isə məcazi, bizim sadəcə sözdə yaratdığımız bir əbədiyyət olur. Halbuki, şəhid bizi həm də o dünya ilə bağlayan məfhumdur. Qeyri-müəyyən şəkildə olsa da, əksər adam dərk edir ki, şəhadət anı ekzistensial bir məqamdır. Həmin anda şəhid olacaq şəxs mən öldükdən sonra ürəklərdə, beyinlərdə yaşayacağam, mənim adıma küçə, məktəb olacaq, divara xatirə lövhəsi vurulacaq və sairə deyə düşünməz, həyat-ölüm arasındakı o son nəfəsdə Allah deyəcək.

Şəhadət anlayışı yerdə qalan diriləri də sonsuzluqla, əbədiyyətlə, Allahla birləşdirən, bu birliyi, əlaqəni zaman-zaman təzaləyən bir anlayışdır. Bir millətin metafizik aləmlə, əbədiyyətlə, sonsuzluqla arasındakı əlaqə bağlarını, koklərini qoparmaq onu tədricən məhv etmək, yer üzündən silmək istəmək deməkdir. İçimizdə bu metafizik, intuitiv dərk potensialı olmayan insanlarımız özlərini yalnız bir düşünmə, hesablama vasitəsi olan ağıla məhkum etdiklərinə görə fərdin ağlından daha güclü və basqın olan intuitiv həqiqətləri dərk edə bilmirlər.

Onlar zaman-zaman deklorativ çıxışlar edirlər, kütlə şüuru adlandırdıqları metafizik dunya ilə əlaqəli olan kütləvi təhtəlşüurun, arxetiplər dünyasının ilahi sistemi qarşısında fraqmentar, əlaqəsiz, sistemsiz təkliflər verirlər.

Şəhid anlayışını öz dini kontekstindən ayırmaq, hətta buna görə bu kəlmənin özünü belə dəyişmək kimi mənasız, məzmunsuz, absurd təkliflər də bu qəbildəndir.