Namiq Dəlidağlı - ŞEİRDƏN KƏNAR MÖVZUYA ŞEİRŞEİRDƏN KƏNAR MÖVZUYA ŞEİR
Vaxtında qılıncının dalı-qabağı kəsən, ancaq bir işə yaramayan adama
Məni qınayırsan o ki var indi,
deyirsən: yanıma gəlib - getmədin.
Yanına da gəldim, qəbuluna da,
işə yaramadın, kömək etmədin.
Qayğılar üstümə ayaq açanda,
ehtiyac ruhuma çökəndə o vaxt;
hər şeyi danışıb, demişdim, axı,
məni dərd çarmıxa çəkəndə o vaxt.
Ağzımı açanda “gözlə” deyirdin,
ağzımı verirdin “boza”, gözlədim.
Verdiyin vədləri qışda xərclədim,
bağladım ümidi yaza, gözlədim.
Ağız açdın “xala xətrin qalmasın”,
kimə nə dedinsə, ürəksiz dedin!...
Guya ki işimi düzəldəcəkdin,
üzdə söz xətrinə nəsə söz dedin.
...Dövran dəyişəndə irəli düşdün,
şah oldun, xan oldun, bəxtin gətirdi.
Başına qonmuşdu var - dövlət quşu,
bağda bülbüllərin elə… ötürdü.
Hərlənə bilmirdim həndəvərinə,
xanla otururdun, bəylə dururdun.
Başqa havalara qol qaldırırdın,
kamanla əylənib, neylə dururdun.
Tamahın, iştahın yaman artmışdı,
bütöv bir cəmdəyi diri yeyirdin.
Mən quru çörəyə möhtac olanda,
sən quyruq yeyirdin, kürü yeyirdin.
Burda səhv düşübdü hamının yeri,
kimdi vecə alan, kamalı, ağlı.
Özün də bilirdin bu məmləkətdə
“adamsız” adama qapılar bağlı.
Ovxardan düşübdü daha qılıncın,
korşalmış, kəsərsiz tiyəyə tənsən.
Bu gün düşdüyümüz bu bəlaların,
elə günahkarı biri də sənsən...
Doğma ola-ola, dost ola-ola,
verdin ayağına məni yetənin.
Açıq yazmayacam, burda üç nöqtə…
çox bildin qədrini yoldan ötənin.
Daha nə faydası peşmanlığının,
yaxşını, yamanı gərək seçəydin,
Quru səhralarda dən axtarırsan,
dünən əkdiyini bu gün biçəydin.
Bir də o dövranın ta düşməz ələ,
daha boğazına tıxanıb səsin.
İlahi, bir daha mərhəmət elə,
mənim o adama işim düşməsin!
2025