Kamala Abiyeva Aydın Qızı - NƏ VAXTSA

Ədəbiyyat 09:17 / 15.12.2025 Baxış sayı: 654

 

Hər görüş özüylə bir qəm gətirər,

Susarıq…dinməyə dilimiz gəlməz.

Hər görüş gözündə bir nəm gətirər,

Baxarıq…silməyə əlimiz gəlməz.

 

Görüşərik, hey danışar baxışlar

Niyə belə gec görüşdük görəsən?

Sən deyərsən, mən deyərəm”bağışla”.

Mən özümü qınayaram,

Sən günahı tək özündə görərsən.

 

Görüşərik…sevincimiz bir ümman,

ayrılarıq bu sevincdən nigaran…

Görüşərik, gecikmişik hardasa,

ayrılarıq,tələsmişik nə vaxtsa…