Aida Adıgözəl - Cansıxıcı şeir

Ədəbiyyat 08:38 / 05.11.2025 Baxış sayı: 912

 

Bəzən ögeyləşir doğma bildiyin,

könüldə "ölürlər" sevdiklərin də.

Düşürlər gözündən "göz bəbəklərin",

saxlaya bilmirlər kirpiklərin də.

 

Vurursan dişinə yaxını, yadı,

düşmən bildiklərin bir gün dost çıxır.

Bağrına basmağa əl uzadırsan,

qarşına "düşmənlə" dolu "post" çıxır.

 

Kürək söykəməyə çiyin tapmırsan,

nə ürək verməyə mərd, əmin sinə.

Indi vədlər qara, sözlər ağ yalan,

qəfil vurulursan... namərdcəsinə.

 

Dəfn etdim hər kəsə e'tibarımı,

öldürdüm könlümdə sevgi hisslərin.

Bu gündən qışam mən, qaram, şaxtayam,

çağırın hüzura duman, sisləri.

 

Daha nə dad qaldı qoca dünyada,

nə də ki e'tibar insan oğluna.

Sonuncu badənı qaldırın içək,

ən "şirin" yalanın "boz" sağlığına...