Adilə Nəzər: - YOLDAYAM

Ədəbiyyat 21:12 / 30.09.2024 Baxış sayı: 1005

 

Üzümdə təbəssüm, ürəyimdə qəm,

Eşqin dərgahına gedən yoldayam.

Odur son məqamda könlümə həmdəm..

Ruhdan aralanır bədən, yoldayam.

 

Gözüm gördüyünə gətirmir ki tab,

Elədim ən gözəl sözlərə xitab,

Bir əlimdə mey var, birində kitab,

Qurtulur zülmətdən bu tən, yoldayam.

 

Hərə bir tor atar, bir qarmaq salar,

Kimi könül çalar, kimi can çalar,

Məndə bu gedişlə ayaqmı qalar,

Mən ömür boyunca nədən yoldayam.

 

Baxıb soruşdunmu bir, bu qız hanı,

Qapına gəlməyə məndə üz hanı,

İlahi, bu görüş yaman uzanır,

Bilinmir bir vaxtın-vədən, yoldayam.

 

Mən də dönəcəyəm ovuna, dünya,

Adilə çətin ki, ovuna, dünya,

Qurtarsın sənin də xofun, a dünya,

Kəsilsin sənin də hədən, yoldayam.

19.09.2020