Adilə Nəzər : - Adı ədalət daşıyan,
Ədəbiyyat
19:43 / 11.07.2025
Baxış sayı: 2638
Adı ədalət daşıyan,
Ömrü addan atmadınmı?
Üfüqdəki o ulduza
Çox süründün, çatmadınmı?
Boğuldunmu öz adında?
Oyunların girdabında.
Tora düşüb eşq odunda
Ömrü heçə satmadınmı?
Sənlə fələyin qəsdi nə?
Baxmadı odsuz tüstünə.
Tikan atdılar üstünə
Yastıq edib yatmadınmı?
Tökdülər gözün yaşını,
Yazdılar məzar daşını.
Sənsə bəlalı başını
Sözə, şeirə qatmadınmı?
Adilə, dünya bir yalan,
Edib neçə ömrü talan.
Ey adına layiq olan,
Öz əksində batmadınmı?...
11. 07.2014.