Adil Şirin : - KƏDƏR

Ədəbiyyat 09:33 / 24.03.2025 Baxış sayı: 928

 

Günəş parçası balaca bir qız,

Sevinə bilmir gələn bahara.

Sevinə bilmir o balaca qız,

Sənin pəncərəndə gülən bahara.

 

Baxır pəncərədən kəpənəklərə,

Kəpənək dalınca qaçmaq istəyir,

Kəpənəyə dönüb uçmaq istəyir,

Qırmızı paltarlı kukla istəyir.

 

Bir kukla istəyir özündən iri,

Mələklər unudub kukla uşağı

Ağlayıb göz yaşı gözündən iri.

Balaca ovcunu, totuq ovcunu

 

Gümüşü yağışa tutmaq istəyir.

Bağlı pəncərəni açıb bu şəhər,

Özünü bahara atmaq istəyir.

Uşaq elə bil ki, düşüb ovsuna,

Gümüşü göz yaşları düşür ovcuna...

 

Günəş parçası o balaca qız,

Sevinə bilmir gələn bahara.

Anasını soruşur Allahından,

Ağlayır, uyuyur üzü divara...