Yetmiş ilin   Maarif Solatanı

YAZARLAR 15:43 / 09.04.2026 Baxış sayı: 849

 

Onunla heç vaxt görüşməmişik, amma “Facebook” sosial platformasında bir neçə zamandır ki, dostluq edirik. Ara-sıra qarşıma çıxan şeir və paylaşmalarını oxuyub, iç dünyasına bələd olmağa çalışıram...

Deyir ki:- “Səhv eləmirəmsə, 1977-ci ildə gənc ədibləri üzə çıxartmaq, onlara dəstək olmaq məqsədi ilə SSRİ mərkəzi komitəsi bir qərar verdi , bu qərara əsasən respublikamızdada da böyük bir ədəbi müsabiqə keçirildi və elə həmin ilin payızında müsabiqədən keçmiş 30 nəfər gənci yazıçıların Şüvəlandakı yaradıcılıq evinə bir aylıq seminar-müşavirəyə yığdılar. Elə o müşavirənin ilk günlərində Çingiz Əlioğlunun məsləhəti ilə atamın adını özümə təxəllüs götürdüm və elə həmin günlərdə, həmin müşavirədə tanış olduğum görkəmli tərcüməçü Vladimir Qafarovun tərcüməsində və xeyir-duasıyla ilk dəfə olaraq Maarif Soltan imzasıyla şeirlərim “Molodyoj Azerbaydjana” qəzetində çap olundu. Bu mənim, necə deyərlər, ədəbi pasportum oldu – yəni, ədəbi imzamı Çingiz Əlioğlu verib, rəsmi orqan kimi isə “Molodyoj Azerbaydjana” təsdiqləyib.”

Bəli, söhbət aprelin 10-da 70 yaşını qeyd edəcək şair, tərcüməçi Maarif Soltandan gedir. Qələm dostu, şair, ədəbiyyatşünas Zakir Məmməd onu belə xarakterizə edir:- “Vətən haqqında hamı yazır, amma Maarif Soltan tam özünəməxsus bir mətnlə yazır. Sevgi, məhəbbət, qəm, kədər, ömrün baharı və payızı haqqında, keçmişimiz və gələcəyimiz, şəhər və kənd, dağ çayı, dəniz, həsrət və ayrılıqlardan da Maarif Soltanın yazdıqları başqa heç bir şairdə təkrar edilməyən səviyyədə diqqəti cəlb edir. Adi insan biliyinin qiymətləndirilməsində məqbul olmaq və qeyri-məqbul olmaq dəyər vermə meyarı olaraq ən optimal variant sayıldığı kimi. Şeir mətni də dəyərləndirmənin öncə bu iki səviyyəsi ilə oxucunun fikrini məşğul edir. Onun poeziyası həm intellekt ağırlığı, həm də ədəbi priyomların yeniliyi və ekspressivliyi ilə insan könlünü riqqətə gətirə bilir...”

Maarif Soltan kimi tanınan Maarif Qəniyev 1956-cı ilin aprel ayının 10-da İsmayıllı rayonunun Burovdal kəndində Soltan müəllimin ailəsində dünyaya gəlib. 1973-cü ildə İsmayıllıda 3 saylı şəhər orta məktəbini bitirib. Əmək fəaliyyətinə İsmayıllı tikinti idarəsində fəhlə kimi başlayıb. Bir il burada işlədikdən sonra, 1974-1976-cı illərdə hərbi xidmətdə olub. 1976-1977-ci illərdə Bakıda 23 saylı texniki-peşə məktəbində təhsilini davam etdirib. 1977-1979-cu illərdə Bakı metro tikintisində qazmaçı işləyəndən sonra 1979-1984-cü illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində ail təhsilə yiyələnib. 1984-1986-cı illərdə Yazıçıların Şüvəlandakı yaradıcılıq evində təlimatçı vəzifəsində çalışıb. 1988-ci ildən bu günədək "Qobustan" incəsənət toplusununda baş redaktor müavini vəzifəsində işləyir...

“Çətinliklərim çox olub, amma çətin, ağır həyat yaşamamışam. İnsan gərək zəhmət çəksin, amma əziyyət çəkməsin. Ümumiyyətlə, həyatı cəhənnəmə döndərmək olmaz, həyatı həyat kimi yaşamaq lazımdır, həyatda insan kimi yaşamağa çalışmaq lazımdır, həyatı sevmək, ondan zövq almaq lazımdır. Məncə, şairlik zənginliyə, kasıblığa baxmır, bu bir daxili təlabatdır, mənəvi ehtiyacdır, özünüifadə, özünütəsdiq vasitəsidir. Şeir yazmaq- daxili təlatümdən, daxili həyəcanın, hisslərin, emosiyaların tüğyanından asılıdır. Zəngin ailələrdə böyümüş insanlar tanıyıram ki, içi gözəl hisslərlə doludur, mənəviyyatı da zəngindir, kasıb tanıyıram ki, boşluqdan, havasızlıqdan içi üfunət qoxuyur. Təbii ki, tərsinə də olur.”- söyləyir.

...İlk şeirləri 1973-cü ildə İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetində çap olunsa da, ciddi yaradıcılıqla 1976-cı ildən məşğuldur. Respublika və keçmiş ümumittifaq mətbuatında müntəzəm çıxış edir. Şeirləri bir neçə qardaş xalqların dillərinə tərcümə olunub. Müasir rus yazıçı və şairlərindən bədii tərcümələri var. Müxtəlif ədəbi mükafatlara layiq görülüb. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Bir neçə kitbın müəllifidir...

Deyir ki:- “Qəribədir ki, son illərdə ədəbiyyata maraq azalsa da, ədəbiyyat, necə deyərlər, arxa plana keçsə də, ədəbiyyata gənclərin kütləvi axını yenə də var və onların arasında olduqca istedadlı gənclər yetişir. İlk vaxtlar bu tendensiya publisistikada daha çox görünürdüsə, indi istər nəsrdə, istər şeirdə kifayət qədər maraqlı gəncləri tanıyıram. Bir şeyi açıq deyim ki, nəsri deyə bilmərəm, şeiri gərək elə gənc yaşlarında, təqribən 40 yaşa qədər yazasan. Şeir axı, daha çox emosiyaların harmoniyasıdır, gənclər də daha emosional olurlar. Məsələn, Aqşin Evrənin, Şəhriyar del Geraninin, bir müddət əvvəl Rəbiqənin, lap bu günlərdə mənimçün təzə– Bahar Zamanova adlı bir qızın və adlarını unutduğum bir çox şairlərin çox yaxşı şeirlərini oxumuşam. Yeni nasirlərdən Şərif Ağayarın povest və hekayələrini böyük maraqla oxuyuram. Onda həyat materialı həm zəngindir, həm aktualdır, mövzuya yanaşma tərzini, sözə münasibətini də qeyd etməmək insafsızlıq olardı. Qan Turalının və başqa bir neçə nəfərin də təzə hekayələri maraqlıdır...”

Zakir Məmməd daha sonra yazır: “Bədii söz ideyadan cisimə, şüurdan materiyaya enib-qalxmağın ən unikal vasitəsidir. Bədii söz tarixin– “tarix təkcə keçmişi öyrənir, ədəbiyyat isə daha çox gələcəyi görür və göstərir–“ həqiqətlərini cəmiyyətə təqdim etməyin də ən salamat yoludur. Yeri gəlmişkən, Maarif Soltan tarixdən də “çox” yazır. Şairin bir neçə şeirində susmağın fəlsəfəsində dinməyin, danışmağın qabardılması tam orijinal bir poeziya üslubuna xas olan tərzdə ifadə edilib. Maarif susmaq anlayışını əyaniləşdirmək üçün uyğun detalları xüsusi istedad və qabiliyyətlə seçib ayıra bilir...”

Bəli, aprelin 10-u şair, tərcüməçi Maarif Soltanın 70 yaşı tamam olur. “Son vaxtlar özümdən çıxanda heç cür özümü ələ ala bilmirəm. Bilmirəm ağırlaşmışam, yoxsa əllərim gücdən düşüb”- desə də, hələ ki qocalmayıb. Axı, 70 yaş qocalıq yox, qocalığın ahıllıq dövrünün başlanğıcıdır...

Maarif Soltanı yubileyi münasibətilə təbrik edirəm!..

Hörmətlə, Elman Eldaroğlu