İdris  Babayev - GƏLƏN OLMAYIB

Ədəbiyyat 13:18 / 09.04.2026 Baxış sayı: 319

 

Yoruldum dünyanın dərdin çəkməkdən,

Dərdsiz adam göndər, çəksin dərdimi.

Qoymasın içimdə cücərib bitə,

Aparıb çöllərə əksin dərdimi.

 

Nə var ölü dərdi çəkməyə, nə var,

Diri dərdi çəkmək zülümdən zülüm.

Allahım, bağışla günahlarımı,

Ayrılım sevdiyim gülümdən, ölüm.

 

Ölmək ki, həyatın sonu deyildir,

Niyə qorxmalıyam ölümdən axı.?

Mən Sənə təşəkkür etməliyəm ki,

Canım azad olur zülümdən axı.

 

Bəlkə də günahdır bu yazdıqlarım,

Artırır cəzamı birə beş qələm.

Bəlkə də azaldır günahlarımı,

Yanına günahsız, tamam boş gələm.

 

İdris, bu dünyanın Allahdan başqa,

Bir kimsə sirrini bilən olmayıb.

Milyonlar köç edib gedib dünyadan,

Bir nəfər qayıdıb gələn olmayıb.

08.04.2026