Sevinc Qərib -  Köhnəydi gözümü aldadan pəncərələr...

Ədəbiyyat 09:25 / 09.04.2026 Baxış sayı: 419

***

Köhnəydi gözümü aldadan pəncərələr,

o üzü, bu üzü yalan çətirli.

Aynaların boğulmuş rəngində

azmışdı günün şəfəqləri.

Çiynimi söykəsəm küçənin tini qaçacaqdı,

divarlar sədd olmaqdan yorulmuşdu.

Əllərimi uzatsam yolların boyu sınacaqdı,

geri addımlayırdı torpaq üstündəki kölgələr,

qorxunun rəsmiydi yeriməyən izlər.

Sulara üz tutsam susacaqdı səssizliyim,

yağışlar aldatdı içimdəki sükutu.

Əl çatmayan dalğaların su savaşı

qayaların köksündə zəfərlə bitirdi,

dəniz də inadkarcasına

göz yaşıyla isladırdı qumlu sahilləri.

Düşə bilərdim boşluğun qəddar ağzına,

əyilə bilərdim dərdin önündə.

Açmışdı qucağını qolsuz istəklər,

vermişdi səs-səsə lal quyular da.

Aldana bilərdim isti nəfəsə,

yenilə bilərdim aldanışıma...

Tutub biləyimin döyüntüsündən

İşıq da qaçırdı zülmətə sarı.

Boşluqlar, quyular, qolsuz qucaqlar..,

qaranlığı seçən işıq..,

nəfəsi kəsilən biləyim...

Qəfil cəftəsi açıldı aydınlıq qapısının,

dizi qırıldı qaranlığın.

Tanrının gözü üstümdə,

Tanrının əli telimdə,

getmədiyim yoldan geri döndüm...