Yeni çağırışlarla üz-üzə

MÜSAHİBƏ 23:47 / 01.04.2024 Baxış sayı: 20899

Yeni çağırışlarla üz-üzə

Vazeh Əsgərov: ADNSU gələcək mütəxəssislərin yetişdirilməsini bugünkü sənaye müəssisələrinin tələblərinə uyğun həyata keçirir

 

Xam neft və təbii qazın kəşfiyyatı, hasilatı, emalı və paylanmasını əhatə edən qlobal neft və qaz bazarı müxtəlif sənaye sahələrini və ev təsərrüfatlarını vacib enerji resursları ilə təmin edən qlobal iqtisadiyyatın mühüm sütunu olaraq qalmaqdadır.

 

Eyni zamanda bərpa olunan enerjinin ön plana keçməsi və ətraf mühitlə bağlı problemlərə rəğmən, neft və qaz qlobal enerji kompleksində üstünlük təşkil etməkdə davam edir.

Müasir şəraitdə neft və qaz bazarına geosiyasi amillər, tələb və təklif dinamikası və texnoloji irəliləyişlər təsir edir. İnkişaf etməkdə olan iqtisadiyyatlar böyüdükcə neft və qaza tələbat artır, kəşfiyyat və hasilat sahəsinə investisiya qoyuluşunu stimullaşdırır. Bununla belə, sənaye daim səmərəliliyi artırmaq, ətraf mühitə təsirləri azaltmaq və alternativ enerji həllərini araşdırmaq yollarını axtarır ki, bu da zamanın tələblərinə cavab verən keyfiyyətli təhsil və yüksək ixtisaslı kadrların hazırlanmasını zəruri edir.

Bu və digər məsələləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əsgərovla araşdırırıq.

 

-Vazeh müəllim, Azərbaycanın neft və qaz kimi təbii sərvətlərlə zəngin bir ölkə kimi artan nüfuzunu, üstəlik, Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış etməsi neft-qaz sənayesində yüksək ixtisaslı kadrlara tələbatı artır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu istiqamətdə kadr hazırlığı ilə bağlı işlər necə gedir?

-Əvvəla qeyd etmək yerinə düşərdi ki, Universitetimiz ölkənin neft və qaz sahəsi üzrə mütəxəsis yetişdirən ən qocaman universitetidir. ADNSU-da 18-i beynəlxalq akkreditasiyadan keçmiş ümumilikdə 30 ixtisas üzrə 19000-dən artıq tələbə təhsil alır. Sözsüz ki, yeni texnologiya, eləcə də dünyada gedən yeni inkişaf proseslərini nəzərə alsaq, universitetimizdə tədris olunan mövcud ixtisasların inkişaf etdirilməsi zərurəti həmişə aktualdır. Ölkədəki karbohidrat sahələrinin inkişaf mexanizminə uyğun olaraq universitetimiz də yeni tələb və standartlara uyğun tədrisin həyata keçirilməsini təmin edir.

Bu istiqamətdə, xüsusən bakalavriat və magistratura pillələri üzrə təhsil alan tələbələrin ilk tədris ilindən başlayaraq bugünkü sənaye müəssisələrinin tələblərinə uyğun dərs vəsaitlərinin hazırlanması onların keçirilməsi və tələb olunan sahələrə uyğun gələcək mütəxəssislərin yetişdirilməsini hədəfləyir.  Universitetimiz eyni zamanda istər yerli istərsə də xarici təşkilatlarla mövcud əlaqələrini möhkəmləndirir və  bu əlaqələrin daha da inkişaf etdirilməsini təşviq edir. Sənayenin tələblərinə uyğun yüksək ixtisaslı yeni kadrların hazırlanması üçün tələbələrin daha çox nəzəri praktiki biliklərinn inkişaf etdirilməsinə və yumşaq bacarıqlarının formalaşdırılmasına  diqqət ayırır. Bu gün universitetimiz IV sənaye inqilabının tələblərinə uyğun olaraq ən müasir ixtisaslar üzrə və dünya standartlarına cavab verən tədris proqramları üzrə təhsil verir və təbii ki, bu amillər məzunlarımızın istər ölkəmizdə, istərsə də xaricdə təhsillərini davam etdirmələri və ya peşəkar fəaliyyət göstərmələrinə imkan verir. 

-Obyektiv olaraq, bu sahədə hansı problemlər və boşluqları qeyd edə bilərsiniz?

-Sürətlə dəyişən dünyada Universitetin mövcud ixtisaslarının baş verməkdə olan yeniliklərə zamanında uyğunlaşdırılması qarşımızda duran əsas çağırışlardandır. Bəzi hallarda yenicə tədris olunmağa başlanmış fənlərin aktuallığını tez itirməsi onların tez bir zamanda yenisi ilə əvəz olunması zərurətini yaradır. Digər bir məsələ də odur ki, Universitetin labarotoriyalarının cari vəziyyəti müasir standartlara uyğunlaşdırılmalıdır, hətta bəzi hallarda mövcud labarotoriyaların tam əvəz olunmasına ehtiyac duyulur. Obyektiv yanaşsaq universitet maksimal dərəcədə bugunkü reallığa uyğun tədris həyata keçirməyə başlamalıdır.

-Rəhbərlik etdiyiniz təhsil müəssisinin məzunları necə işlə təmin olunurlar, onlara ölkə və xarici əmək bazarında nə kimi ehtiyac vardır?

-Sevindirici haldır ki, Universitetimiz məzunların işlə təmin olunması statistikasına görə dünyada 271-ci, ölkəmizdə isə birinci yerdədir. Bu gün universitetdə təhsil alan tələbələrin 70 faizdən çoxu dövlət sifarişi əsasında təhsil alır. Biz eyni zamanda anlayırıq ki, Universiteti Universitet edən də məhz onun məzunları və məzunlarının harda olması və nə işlə məşğul olmasıdır. Universitetdə yaradılmış və uğurla fəaliyyət gösdərən Karyera Mərkəzi tələbələrin 3 cü kursdan başlayaraq yumşaq bacarıqlarının artırılmasına və öz sahələri üzrə daha çevik iş tapmasına yardımçı olmaqda  maraqldır. Karyera Mərkəzi tərəfindən son on ildə məzun olmuş 10 min məzunumuzun  məlumatı  toplanılmış və analiz edilmiş, yeni inkişaf istiqaməti müəyyənləşdirilmişdir. Məzunlarımızın yüksək ixtisas bilikləri eləcə də xarici dil biliyinin əldə edilməsi və yüngül bacarıqlarının vaxtında qazanılması onların təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da iş tapmalarına yardımçı olur.

- Neft-qaz sənayesində innovasiyaların və süni intellektin tətbiqi perspektivləri nədən ibarətdir? Qabaqcıl xarici təcrübənin yerli sənayeyə inteqrasiyası üçün hansı üsullar və mexanizmlər mövcuddur və bunun müqabilində Azərbaycan nə təklif edir?

-Süni intellekt nitqin tanınması, qərarların qəbul olunması, problemlərin həlli kimi adətən insan zəkası tələb edən vəzifələri yerinə yetirə bilən İT sistemidir. IV Sənaye inqilabının əsas səciyyəvi alətlərindən biri kimi çıxış edən süni intellekt ənənəvi sənayenin dəyişməsinə və ciddi transformasiyasına səbəb olur. Biz bunu artıq həyatın müxtəlif sahələrində  - təhsil, səhiyyədə, o cümlədən sənayedə - istehsalatda, logistikada, İT-də, nəqliyyatda, maliyyə sektorunda müşahidə edirik. Süni intellekt avtomatlaşdırma, proqnizlaşdırıcı texniki xidmət və ketfiyyətə nəzarət vasitəsilə ağıllı sənayenin inkişafına təkan verir. Süni intellektlə işləyən robotlar və maşınlar mürəkkəb tapşırıqların öhdəsindən dəqiqlik və səmərəliliklə gələ bilir. Bu isə məhsuldarlığı artırmağa və xərcləri azaltmağa imkan verir. Ölkəmizdə neft-qaz sənayesi ilə yanaşı bir sıra digər sənaye sahələrinin də süni intellektin imkanlarından istifadə etməsi getdikcə daha da artır və bu tendensiya tədricən daha da sürətlənəcəkdir.

- Yeri gəlmişkən, Universitetiniz COP29-a necə hazırlaşır? Ölkəmizin təbii enerji resurslarına marağın artması fonunda insan həyatı üçün optimal iqlim şəraitinin qorunub saxlanılması üçün maarifləndirmə baxımdan hansı tədbirlər nəzərdə tutulur və hansı əməli tədbirlər həyata keçirilir?

-2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə hərəylik ili” elan edilməsi və ölkəmizin BMT-nin Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi ilə əlaqədar ADNSU-da “Yaşıl Universitet” layihəsinə başlanılıb. Universitetin Elmi Şurasında layihənin işçi qrupu və tədbirlər planı təsdiq edilib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti neft, qaz, kimya və energetika sahələri üzrə mühəndis kadrları yetişdirən, bu istiqamətlər üzrə zəngin elmi potensiala malik olan, eləcə də Böyük Britaniyanın Vorvik Universiteti ilə bərpa olunan enerji mənbələri, Azərbaycan-Fransız Universitetində isə “Su ehtiyatlarının idarəolunması” ixtisasları üzrə ən müasir beynəlxalq proqramalar əsasında tədris həyata keçirən ali təhsil müəssisəsi olaraq “Yaşıl dünya naminə həmrəylik ili" və COP29 sammiti çərçivəsində respublikada görülən işlərə töhfəsini verməyi özünün mənəvi borcu hesab edir.

- Universitetinizin beynəlxalq əlaqələri nə vəziyyətdədir, yeniliklər varmı?

-Bu gün universitetin 25-dən çox ölkənin 75 universiteti ilə birbaşa tərəfdaşlıq əlaqələri mövcuddur. Mövcud müqavilələr çərçivəsində tələbə və akademik heyət mübadiləsi aparılır, birgə tədqiqat layihələri həyata keçirilir. ADNSU-nun ABŞ-ın Corciya Dövlət Universiteti ilə əməkdaşlığı sayəsində universitetdə Biznesin İdarəedilməsi üzrə Magistr (MBA) proqramı yaradılıb. MBA kurikulumu Corciya Universiteti ilə birgə hazırlanır və hər il yenilənir. Almaniyanın Siegen Universiteti ilə sıx əməkdaşlıq nəticəsində ADNSU-da biznesin idarə edilməsi ixtisasları təşkil olunub. Bundan əlavə, universitet Erasmus+ Beynəlxalq Krediti çərçivəsində Leicester Universiteti və Keele Universiteti (Birləşmiş Krallıq), Orta Doğu Texniki Universiteti və İstanbul Kültür Universiteti (Türkiyə), Strasburq Universiteti və Ren 1 Universiteti (Fransa) də daxil olmaqla bir sıra ali təhsil müəssisələri ilə tələbə mübadiləsi aparır. Ötən illər ərzində ADNSU Qdansk Universiteti (Polşa), KPR Mühəndislik və Texnologiya İnstitutu (Hindistan) və KMU Universiteti (Cənubi Koreya) ilə əməkdaşlıq haqqında müqavilələr imzalayıb. Eyni zamanda 2017- 2023-cü illərdə ADNSU Rusiya (“Yuqorsk Dövlət Universiteti”, “M.V. Lomonosov adına Şimal (Arktik) Federal Universiteti”, “Rusiya Elmlər Akademiyasının G.G. Devyatix adına Yüksək Təmiz Maddələrin Kimyası İnstitutu”, “S.İ.Vavilov adına Dövlət Optika İnstitutu Elmi-İstehsal Birliyi”, “Həştərxan Dövlət Texniki Universiteti”, “Rusiya Elmlər Akademiyasının Neft və Qaz Problemləri İnstitutu”, “Rusiya Xalqlar Dostluğu Universiteti”, “Novosibirsk Dövlət Texniki Universiteti”, “D.İ Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universiteti” , “Udmurt Dövlət Universiteti” və digər ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzalamışdır.

- ADNSU-nun nəzdindəki Fransız-Azərbaycan Universitetinin (UFAZ) fəaliyyəti geniş ictimaiyyətə məlumdur. Fransa ilə Azərbaycan arasında siyasi və diplomatik böhranın kəskinləşməsi fonunda hazırkı mərhələdə vəziyyət necədir və bu təhsil ocağının fəaliyyətinin perspektivləri barədə nə deyə bilərsiniz?

-Əlbəttə ki, son illər, xüsusən də  2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra bəzi ölkələr, o cümlədən Fransa Azərbaycana qarşı ciddi ittihamlar səsləndirməyə başlamış və bu proses hələ də davam etməkdədir. UFAZ 2016-cı ildə cənab Prezidentin sərəncamı ilə yaradılmış və Azərbaycan gəncinin xaricə getmədən öz ölkəsinin hüdudlarında ən yüksək ali təhsil alması missiyasını daşıyır. Fəaliyyəti dövründə UFAZ-ın göstərdiyi nəticələr kifayət qədər yüksəkdir. İstər partnyor Strasburq Universitetinin rəhbərliyi, istərsə də Fransadan il ərzində dəvət edilmiş 150-dək proffessor müəllim heyəti,  eləcə də Bakıda daimi fəaliyyət gösdərən fransalı həmkarlar Fransanın siyasətinin və  Azərbaycana qarşı olan qərəzli münasibətinin heç zaman Universitetə daxil olamasına imkan verməmiş, eyni zamanda  Azərbaycanı dəstəkləmişlər. Başqa sözlə, UFAZ Azərbycan Respublikasının hüquqi məkanında fəaliyyət göstərən dünya reytinq sıralamasında 200-cü yeri tutan Strasburq Universitetinin qabaqcıl tədris proqramları deməkdir.

Cənab Prezident tərəfindən verilmiş tapşırıqları yarandığı gündən əsas tutaraq yüksək ixtisaslı kadr hazırlığı prosesini icra edən UFAZ bu gündən sonra da Dövlət başçısı tərəfindən veriləcək qərarlardan aslı olaraq öz fəaliyyətini davam etdirəcəkdir.

 

Müsahibəni apardı:

 

Əbülfəz Babazadə

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Xüsusi olaraq “Ədalət” qəzeti üçün