Xatirə Rəhimbəyli : - Bir az əyləş yanımda

Ədəbiyyat 10:12 / 24.03.2025 Baxış sayı: 902

 

 

Bir az əyləş yanımda

Dərdini de birbəbir.

Mən də alım könlünü ,

Deyim :"Neynək, ya səbir!"

 

Bir az da məni dinlə,

Təsəlli ver, ümid ver.

Bir az aydınlaşsın göy,

Bir az gözəlləşsin yer!

 

Söhbət aç ailəndən ,

Evdən, uşaqdan danış .

Gileylən güzərandan ,

Yaxın-uzaqdan danış

 

Dostdan,tanışdan söz aç,

Bir az təriflə məni ..

Mən də əvəzedilməz

Dost kimi öyüm səni .

 

Bir-iki isti söz de,

Tərpənsin gözümdə nəm

Sakit-saki ağlayım ,

Boşalsın bir az sinəm ...

 

Sən də kədərlən bir az,

Tez-tez saatına bax ..

Soruşum: "Tələsirsən?"

Sən "yox "de. Sonra susaq ...

 

Bir az etraz eylə

Gənclərin vəfasına .

Yalançı Məcnunların ,

Yalançı havasına ..

 

Bir az da de şeirin

Kəsərdən düşdüyündən

Yaxşıların dünyadan

Zamansız köçdüyündən ...

 

Baxma, sözünün sonu

Əvvəlinə tuş gəlmir .

Fikirliyəm, səhvlərin

Eynimə heç gəlmir ..

 

Yenə də uşaqlardan ,

Dərsdən, məktəbdən danış .

ALLAHsız siyasətdən,

Elmdən, dindən danış...

 

Yox, yox, gəl, toxunmayaq,

Könüllərin yasına .

Sonra da sağollaşaq,

Hər kəs öz yuvasına...