Bəhram Bilaloğlu - İbrətamiz
Kəndin kənarında, küləklə danışan bir söyüd ağacı vardı. Onu hamı tanıyırdı, amma heç kim ona layiq olduğu dəyəri vermirdi. Yayın istisində kölgəsinə sığınanlar da az deyildi, qışın şaxtasında isə yanından ötüb gedənlər onun donan budaqlarına baxmağa belə cəsarət etməzdi.
Bir gün balaca bir oğul atasından soruşdu:
– Ata, niyə bu ağacın meyvəsi yoxdur?
Ata gülümsədi,amma bu gülüşün içində dərin bir hikmət vardı:
– Oğlum, hər ağac meyvə verməz. Bəziləri kölgə verər, bəziləri isə səssizcə dözər.Bütün bunlara baxmayaraq bil ki, ən böyük dəyər bəzən gözə görünməyənlərin içində gizlidir.
Hər gün o söyüdün altında oynayan oğul,heç vaxt ona təşəkkür etməzdi.
İllər keçdi. Oğul böyüdü, həyatın sərt küləklərini, şaxtasını, yanar günəşini hiss etdi. Bir gün yorğun halda yenə o söyüdün altına gəldi. Budaqlarının arasından süzülən işıq ona sanki bir həqiqəti pıçıldadı:
“Dəyər görmədən də yaşamaq mümkündür, amma dəyər vermədən yaşamaq insanı kiçildər.”
O an atasının sözləri qəlbində dirildi.
Evinə qayıdanda atasının əllərinə baxdı—Bu baxış əslində həyata,insanlığa olan baxış idi.O əllərin o söyüddən heç bir fərqi yox idi: meyvə göstərmirdi,amma həyat verirdi.
Oğul atasının yanında sakitcə dedi:
– Ata, mən səni indi daha yaxşı başa düşürəm.
Ata heç nə demədi. Çünki bəzi anlayışlar sözlə deyil, hisslə danışar.
O gündən sonra oğulun həyata baxışı dəyişdi və öyrəndi.
Dünyada bəzi insanlar var ki,özləri yanar, amma başqalarını qoruyar. Onlar söyüd ağacı kimidirlər.Biz onlara baxanda bilməliyik ki,onların dostu ondan fayda alanlar deyil,Allah olur.
Və belə insanları sevmək – sadəcə bir hiss deyil,insani borcdur.