Lilpar Cəmşidqızı - QƏZƏL ( Bilmir)

Ədəbiyyat 21:38 / 02.04.2026 Baxış sayı: 233

Könlüm quşu bülbül kimi əfğan edə bilmir,

Ruhum nədən öz canımı heyran edə bilmir?

 

Yarın qəmi çox aşiqi bimar eləyibdir,

Canan unudub məşuqu mehman edə bilmir.

 

Dərmanı gətir, Yar, yenə dərd əhlinə hərdən,

Rəhman eliyən çarəni loğman edə bilmir.

 

Peymani- məhəbbətdə könül sabit olubdur,

Ancaq dağılan xanəmi səhman edə bilmir.

 

Haqqın qulu olmaq bəşər övladına xasdır,

Dövran dəyişən bəndəni insan edə bilmir.

 

Dəryayə girən aşiqi ümman batırıbdır,

Bəhrin dibi hər canlını mərcan edə bilmir.

 

Sevdayə düşən könlünü susdurdun, a Lilpar,

Tərlan kimi qəlbin daha cövlan edə bilmir.