AY BƏNİZ - bilirəm ki, indi başqa otaqdan baxıb
bilirəm ki, indi başqa otaqdan baxıb,
indi başqa pəncərədən boylanmaqdasan.
boylanırsan, bəlkə elə könlün darıxıb?
bəzən olur, doğru-dürüst darıxmır insan.
ətrin-qoxun qonaq gəlir evimə hər gün,
xəyalını gözlərimdən, kim var ki, qova.
görmürsənmi, əllərimə düşübdür düyün,
boş əllərim eyvanında boş qalmış yuva.
eh, hələ də bilmirəm ki, kim olduğunu.
səni görən kimə belə aparır yollar?
bilmirəm ki, səndən necə soruşum bunu,
başqasının yatağında, de, nə işin var?
sarılmısan qadınına, sanki təzəcə
bülbül uçub uzaqlardan gülə gəlibdi.
gözlərində işıqlanıb yenə bu gecə,
xoşbəxtsənmiş, təbəssümün dilə gəlibdi.
bu həyatın bir üzü toy, bir üzü yasdır.
damağında özgə dad-tam, özgə təəssürat.
xoşbəxtlikdə, kim deyir ki, sevgi əsasdır?
xoşbəxtliyin özü kimi yalanmış həyat..