Xanım İsmayılqızı: -KİMİ...

Bir damlanın fərasəti,
bir ömürün cəsarəti,
hər buludun məharəti
yağışdan yağmura kimi...
Dolub-boşalan ürəkdi,
arzu səpdi, ümid əkdi,
bir günlük açsın, çiçəkdi
yağışdan yağmura kimi...
Şəklini çəkir gözümə,
qonur köhnəmə, təzəmə,
hisslərim damır üzümə
yağışdan yağmura kimi...
Sözümə toz da qondurma,
yalanın çoxdu, qandırma,
göylər, adamı sındırma
yağışdan yağmura kimi...
Ömür boyu səsləyirəm,
soyulsam da üzləyirəm,
gəlməsən də gözləyirəm
yağışdan yağmura kimi...
2018.