Xanım İsmayılqızı- ÇƏKİRƏM
Yenə qollarımı çırmalamışam,
Köhnə həyatımı suya çəkirəm.
Yığıb toplayıram dağılmışları,
Batan bir nəfəsi göyə çəkirəm.
Sökülən yerləri yamaqlayıram,
Güllü yaralara tumar çəkirəm.
Saralıb-solanı sığallayıram,
Sevgimi üzünə hamar çəkirəm.
Çat-çat olanları bitişdirirəm,
Gedib-gələnlərə keşik çəkirəm.
Əllərim gücünü itirsə belə,
Səninçün ürəklə beşik çəkirəm.
Çəkirəm hər şeyi, fərasətə bax,
Başımın üstündən yeri çəkirəm.
Elə dayanmışam - vaxtı, saatı,
Zamanı özümdən geri çəkirəm.
25 avqust, 2016.