Ayaz Arabaçı : - Qəpik-quruş kimidi təsəllilər...

Ədəbiyyat 15:27 / 19.09.2024 Baxış sayı: 298

Qəpik-quruş kimidi təsəllilər

heç nəyə yaramır.

Ən isti sözlər belə

ürəyimin dağınıq tellərini daramır.

Gözlərimdə yağış dilində

buludlar çərənləyir.

Barmaqlarım ac quş kimi

papiros qutularını dənləyir..

Kor taleyin

nəyinə lazım,

neçə rəng var göy üzündə

unudalım hər şeyi,

xatırlamağa nə gərək var.

Mənim

alın yazımı işıqsız evlərin,

yolçusuz yolların

əcəl təri apardı.

Bir qadın sevmişdim əri apardı..

Öz-özümə danışıram otaq boyu,

Ağlıma

o qədər qorxunc şeylər gəlir ki..

Çox uzun zaman susdun,

sən də aramadın məni,

Tanrım..

ütüləmədin əzilmiş sinəmi.

Amma mən yenə də,

sənin üzündən öpürəm..

Və bir də ağrılarıma

təbəssümündən öpürəm..