Xanım İsmayılqızı : -  Bacıma ithaf.

Ədəbiyyat 15:21 / 15.03.2025 Baxış sayı: 483

 

Son nəfəsin hara qaçdı?.. Bilmədim ki...

İstədiyin havalara çata bildin?

Burda o qədər yuxusuz qalmışdın ki,

Heç olmasa indi bir az yata bildin?

 

Kimlər tutub əllərindən apardılar?

Qorxuların, ağrıların azad oldu?

O qədər hissi içində basdıranım -

Dilinin ucundan qopan bir ad oldu?

 

Bütün alışan odlara su səpənim,

Özün susub gizləndin odun içində?

Məni elə aldadıb gedə bilmisən,

Qovruluram səninlə - adın içimdə.

 

Canım deyim, ruhum deyim, ya ürəyim?

Birdən sənə zəng də vurmaq istəyirəm...

Bəlkə bu da görmədiyim bir yuxudu?

Silkələnib ayılmağı gözləyirəm...

 

...Son nəfəsin hara getdi?.. Görmədim ki...

İstədiyin adamlara çata bildin?

Burda o qədər yuxusuz qalmışdın ki...

Heç olmasa indi rahat yata bildin?..