Vərəqlərdən ekranlara - yazdı  Rafiq Yusifov

MƏDƏNİYYƏT 10:52 / 18.06.2025 Baxış sayı: 559

 

Dünya kinematoqrafiyasında kitab motivləri əsasında çəkilən layihələr az deyil. Əsərlərin az oxunduğu bir dövrdə belə film və serialların hazırlanması yazılı ədəbiyyatın geniş auditoriyaya çatdırılmasında önəmli rol oynayır. Dünyada bu tendensiya gündən-günə daha da yayğınlaşır. Məşhur “Game of Thrones”, “Anne With an E”, “Pretty Little Liars”, “Aşk-ı Memnu”, “Yaprak Dökümü”kimi seriallar elə məhz romanlar əsasında ekranlaşdırılıb. Xüsusilə Azərbaycan əhalisinin maraq göstərdiyi Türkiyə kinematoqrafiyasının gündəmində bu günlərdə “Masumiyet Müzesi”, “Kıskanmak”, “İmprobable” romanları var.

Belə layihələrdə rejissor işi olduqca böyük önəm daşıyır. Kitab oxucusu o dünyanı öz təxəyyülündə canlandırdığı kimi görməyəndə, narazılığını dilə gətirir. Rejissor istər məkan, istərsə də aktyor seçimlərində həm ədəbiyyatın ruhunu qorumalı, həm də vizual olaraq inandırıcı bir dünya qurmalıdır.

Ədəbiyyatın doğru şəkildə vizuallaşdırılıb daha geniş auditoriyaya çatdırılması ictimai rəyin də müsbət yöndə dəyişməsinə zəmin yaradır. Son illərdə Azərbaycanda da kitablardan çəkilən seriallara rast gəlinir.  Cəfər Cabbarlının “Almaz”, Hüseyn Cavidin “Şeyx Sənan”ı, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərləri ekranlaşdırılıb.

Sözügedən əsərlər fərqli zamanlarda o dönəmin dünyasında yazıldığından, serial çəkilən zaman prodüserlərin qarşısında iki seçim durur: bu serial ya tarixi olacaq, ya da günümüzə adaptasiya ediləcək. Yuxarıda adını çəkdiklərim hadisələrin məhz günümüzdə cərəyan etdiyi seriallardır. Bu zaman əsərlərin ssenariləşdirilməsi daha başqa bir hal alır. Baş verən hadisələr günümüzə uyğundurmu? Bu zaman ssenarist dəyişikliklər etmək məcburiyyətində qalır. Bəzən isə, “Almaz” kimi günümüzə uyğunlaşan ədəbiyyat nümunələri olur. Pyes “Vətəndaş A” adı ilə hadisələrin günümüzdə cərəyan etdiyi bir seriala çevrilib. 100 il əvvəlki Almazın qarşılaşdığı çətinliklərlə günümüzün Almazı da üz-üzə qalır. Bu isə onu göstərir ki, ədəbi əsərlərin mövzuları nə qədər keçmişdə yazılsa da, cəmiyyətin və ideyaların mübarizəsi zamanla dəyişmir. Elə bu, bu əsərləri qələmə alanların sadəcə yazıçı yox, hər dövrün sözünü deyən dahilər olduğunu anlamağa yetər.

Ekranlaşdırma zamanı ssenarist orijinal mətnə sadiq qalmaqla yanaşı, onu bugünkü tamaşaçının duyğusuna toxunacaq şəkildə təqdim etməlidir. Təbii ki, vərəqlərdən ekranlara gedən bu yol hər zaman düz olmur, bəzən dolanbaclı və çətin olur. Amma əgər bu yol əsl sənət yaratmaq niyyəti və texniki peşəkarlıqüzərində qurularsa, ekranlara düşən hər ədəbi obraz – istər Almaz, istər Sənan, istər Xosrov bu günün içində yenidən doğulacaq.