Mehdi Cəlal - BAHAR
BAHAR
Yenə yaşıl dona girib təbiət,
Yaz gəlib, silibdi könül yasını.
Dumanlı günlərdə dəyişib əlbət
Bu yerlər əyninin ağ libasını.
Ötən yolçuları yoldan olubdu,
Nə gözəl yuyubdu qar,- çiçəkləri.
Necə utancaqdı, necə küsəyən,
Meyvə çiçəkləri, bar çiçəkləri.
Yenə də kükrəyib, çağlayır çaylar;
Adam bu axına baxmaq istəyir.
Yol -iriz bilməyən sısqa bulaqlar
Çaylara qoşulub axmaq istəyir.
Ətrafa yayılan quşların səsi
Bənzəyir müğənni bəhsəbəsinə.
Coşğun dağ çayının dəli həvəsi
Dönür şəlalənin zənguləsinə.
Dəyişib torpağın bildirki halı,
Elə bil daşlar da təzələniblər.
Bu güllər gözümün nurunu alır,
Hər yala, yamaca səpələniblər.
Kimi qarşılayır Novruz gülləri?
Nərgizi qoynuna alıbdı meşə.
Yenə də uzalı qaldı əllərim,
Yenə də boynunu bükdü bənövşə.
Gəzirdim sinəmdə bahar havası,
Könlüm istəyirdi bir çiçək dərəm.
Bəs niyə üzməyə əlim gəlmədi,
Bəlkə yol gözləyir bir çiçəkdərən?!.