Lilpar Cəmşidqızı - QƏZƏL
İlahi, gözlərimdə çən- duman gəlir, hədər yatır,
Hilal qaşım divar çəkəndə, kirpiyim çəpər, yatır.
Darıxdıranda həsrətinlə oynamır sevən könül,
Nə qədri iztirabımın içində qəm, kədər yatır.
Gözüm səmayə zillənir, dilim duvasın eyləyir,
Çəkir sükunətin şalın, yer üstə köy, şəhər yatır.
Külək əsəndə dalğalar sığallayır qum örpəyin,
Beşik qayıqda ninnilər mızıldayır, Xəzər yatır.
Cəmalı görsədəndə Gün, şəfəqlər öz saçın hörür,
Xəyali- yarı tərpədib oyatmasam səhər yatır.
Könül məlalı, dilbərim, sıxanda qəlbim ağrıyır,
Ürəkdə duyğum, istəyim oyansa birtəhər yatır.
Nəfəs- nəfəs yaxınlaşan bir eşqə talib olmuşam,
Perik düşəndə arzular, içində bar- bəhər yatır.
Külün tozunda gizlənən bir atəş axtarır bu can,
Damarda təzyiq oynayır, ürəkdə " bəxtəvər" yatır.
Həyatı keşməkeşlidir, qələmlə yoldaş olsa da
Kitabdır ömrü Lilparın, yazılmayan əsər yatır.