Ələsgər ƏLİOĞLU -  BİR TAY AYAQQABI

YAZARLAR 14:05 / 17.03.2026 Baxış sayı: 272

 

(Hekayə)

Yay yır-yığış eləyib köçünü sürməyə hazırlaşırdı. Arxadan payızın hənirtisi gəlirdi. Səhər-axşam havada azacıq da olsa soyuqluq hiss olunurdu. Bankomatdan pensiyasını çıxaran Qarabağ qazisi Nüsrət qoltuq ağacına söykənə-söykənə, küçəylə yavaş-yavaş univermağa yaxınlaşırdı. Ayağındakı tor-tor ayaqqabının ağız-burnu əyilmiş və nimdaş bir görkəm almışdı...

O, döyüşlərdə olarkən yaş səngərlərdə uzanmaqdan revmatizm tapdığından həmişəki kimi indi də hiss etdi ki, bədəni çisəkli havadan cimildəşir. Buna görə də univermaqdan bir ayaqqabı almaq fikrinə düşdü...

Univermaq çox tünlük idi. Görünür, bu da mövsümi pal-paltar dəyişikliyi ilə bağlıydı... Nüsrət ayaqqabı bölməsinə yaxınlaşdı. Rəfləri bir-bir nəzərdən keçirdi. Baxışları burnu nisbətən enli, qara bir ayaqqabının üstdə bənd aldı. Şəhadət barmağını uzadıb, üzünü satıcı qıza tutdu:

– Qızım, o ayaqqabının qırx ikisi varmı?

Qız dilləndi:

– Var, əmi.

– Bir onu verin baxım.

– Buyurun, əmi.

Nüsrət bölmənin böyür tərəfində qoyulmuş kətildə əyləşib, içi keçəli ayaqqabının sağ tayını ayağına keçirdi. Gördü ki, çox rahatdır və ayaqqabını ayağından çıxarıb qıza uzatdı:

– Qızım, zəhmət olmasa, bunu bir torbaya büküb verin.

Sonra əlini qoltuq cibinə atıb almış olduğu pensiyanın üstdən bir "iyirmilik" çıxartdı:

– Buyurun, pulunuzu götürün.

Satıcı qız pulu alıb ayaqqabını torbaya qoymaq istəyərkən Nüsrət dilləndi:

– Sol tayı lazım deyil, a bala, mənə yük eləməyin... Sağ tayını bükün...

Bayaqdan bəri alış-veriş sıxlığından Nüsrətə elə də dərindən nəzər yetirə bilməyən satıcı qız tərəddüd içərisində:

– Əmi, biz ayaqqabının bir tayını satmırıq, – deyə şübhəli baxışlarla onu süzdü və sonra azacıq ayağının ucuna qalxaraq piştaxtanın qarşısında dayanan Nüsrətə dərindən nəzər yetirdi... İndi ona hər şey aydın oldu.

Satıcı qız anidən fikrə getdi. Sonra duruxmuş və kövrək bir halda dilləndi

– Əmi, onda pulunuzun qalığını götürün, on manatdır...

– Yox, ay qızım, pulu tam ödəməliyəm. Elə də şey olar. Sadəcə olaraq ayaqqabının sol tayını özümə yük eləmək istəmədim. Bir də ki, bu ayaqqabının sol tayını kim alacaq ki? Pulunu ödəməliyəm...

Satıcı qız :

– Mən götürərəm, əmi, heç narahat olmayın!

Nüsrət özünü itirən kimi oldu:

– Nə danışırsınız, qızım? Yoxsa məni sarıyırsiniz?

– Yox, yox, əmi, niyə elə düşünürsünüz!? Atamın da ayaqqabısı çox köhnəlib... Onun da ayağının ölçüsü qırx ikidir... Atam Qarabağ müharbəsi qazisidir. Cəbhədə sağ ayağını itirmişdir...

Nüsrət könüllü-könülsüz pulun qalığını alıb cibinə qoydu və satıcı qıza "sağ ol" deyib, qoltuq ağacına söykənə-söykənə bayıra çıxdı...

Narın-narın yağan yağış artıq yeri islatmışdı... Nüsrət küçə boyu cərgələnən tikililərdən birinin divarına söykənib yeni aldığı ayaqqabını bir təhər ayağına taxdı və yoluna davam etdi...

Daha bədəninin cimildəşməsi güney qarı kimi əriyib gedirdi. Bayaqdan fikir burulğanında burum-burum burulan bir sual onda nigarançılıq doğururdu... Yol boyu düşünürdü ki, onun ayaqqabısının sol tayını geyinəcək adam görəsən indi yağışın altda deyil ki...

2020