Əbülfət Mədətoğlu : - Kövrək misralar

Ədəbiyyat 09:45 / 16.03.2026 Baxış sayı: 155

Xatirələr haya çatmır bu günlər

Qırıq- qırıq sözlər düşür yadıma...

Gözlərimdə daha açmır o güllər -

Qaralan od , közlər düşür yadıma...

 

 

Qara bulud sanki kəsib önünü

Mən tərəfə nəsə düşmür o işıq...

Bir tənhalıq didikləyir könlümü -

Fikirlər də adda-budda - dolaşıq!..

 

Olmuşların ip ucu da itibdi,

Vərəqləmək çevrilibdi zülümə...

Həsrət məni elə şilküt edibdi -

Etibarım qalmayıbdı ölümə!...

 

Bir güvənlik hiss edirəm hardasa -

Söylədiyim vəsiyyətdə, açığı...

Adım kimin yaddaşında qalarsa -

Buna görə , tutmaz mənə acığı!