Vasif Süleyman - TƏRƏFİMDƏ

Ədəbiyyat 09:36 / 01.04.2026 Baxış sayı: 417

 

Günəşmi nur salır dörd bir yanıma,

Yox... Yox… Üzün gülür hər tərəfimdə.

Gendən boylanıram Tanrı payına,

Nə olsun dayanıb yer tərəfimdə…

 

Birimiz divanə, birimiz dəli,

İndi bizim üçün hər şey təsəlli.

Aşikar olanım ellərə bəlli,

Pünhan nağılımsan sirr tərəfimdə.

 

Səssiz harayımı indi kim duya,

Budurmu dediyin əlçatmaz röya…

Görürsən, bir yanda bu boyda dünya,

Təkcə sən durubsan bir tərəfimdə.