Adilə Səfərova - Yağış yağır...

Ədəbiyyat 21:43 / 01.04.2026 Baxış sayı: 163

Yağış yağır...

.. Susqun-susqun,

ağır-ağır

yağış yağır...

Qaşın çatıb qəhərlənən

göy üzünün

dərdin dərir, qəmin sağır.

Yağış yağır

narın- narın,

ələyir göy yer üzünə sevgi varın.

Suya təşnə cadar-cadar torpaqların gerçək edir umudların, arzuların...

Yağış yağır...

çəmənlərin gülür üzü,

Yaşıl dona bülənd edir çölü, düzü.

Çiçəklərin ləçəyinə pıçıldayır sevgi sözün.

Yağış yağır..

damlaların gur ələyir,

Sanki göylər nur ələyir...

Dağdan-daşdan sel sürünür,

Üzü gülür yamacların

yaşıl donu al çiçəyə bürünür.

Yağış yağır..

yuyur yerin pasın, kirin,

Öz dilində açır yerə

ülviyyətin paklıq sirrin.

Yağış yağır...

Kaş bu yağış ürəyimdən keçənləri duya bilə.

Dünyamızı viran edən

nadanların, tiranların,

qana həris olanların qəzəbini oya bilə,

Yer üzündən xəbislərin xislətini yuya bilə..

Mərmi düşən, güllə bitən torpaqlarda güllər aça, ətir saça...

Çiçəklərdən çiçəklərə

kəpənəklər azad uça...

Yağış yağır...

Bəlkə elə yağış deyil,

Yer üzünə bülənd olan nalə, ahın,

yaratdığı buludların göz yaşıdı?!

Adilə Səfərova

1.04.2026-cı il