Şövkət Zərrin Horovlu. - Ay bahar

Ədəbiyyat 11:08 / 01.04.2026 Baxış sayı: 419

 

Yurdumun qoynuna qonaq gəlib yaz,

Qızıl gül bülbülə satır işvə-naz.

Yenə də düzlərə şəfəq salır dan,

Lalənin yanağı yanır həyadan.

Yenə bayram edir bağlar, meşələr,

Sevincdən don geyir tər bənpvşələr.

Bahar,əlingəki o gül dəstəsi,

Könlümdə çaldırır sevgi nəğməsi.

Sənin nə mübarək qədəmlərin var?

Yaşamaq gpzəldir, bahar, ay bahar!

Dağ çayı aləmə hay-haray salır,

Arzular könlümdə min rəngə çalır.

Elə bil göylərdən nur səpələnir,

Ürək söz üstündə yenə köklənir.

Sinəmin altında aləm görüşür,

Yadıma əzəlki o dəmlər düşür.

Yenə baş qaldırır tanış duyğular,

Yaşamaq gözəldir, bahar, ay bahar!

Söylə yadındamı, cüt gəzdiyimiz,

Qoşa döyünərdi onda qəlbimiz.

Xatirində varmı,çələng hördüyüm,

Bir qara telliyə könül verdiyim?

Ətəyi naxışlı güllü paltarım,

Sevgi, istək dolu pıçıltılarım?

Gənclik həvəsilə quştək uçduğum,

Qollarımı açıb səni qucduğum?

Sən yenə əzəlki sevdalı yazsan,

Bahar, məni görsən heç tanımazsan.

Təəssüf ki ,mən səndən aralı düşdüm,

Gəncliyi ilqarsız heç bilməmişdim.

Çoxda ki, üstümü qar-boran alıb,

Ömür-gün keçsə də,ruh qocalmayıb.

Təzə don geyinir , yenə duyğular,

Yaşamaq gözəldir, bahar,ay bahar!