Varis  Yolçuyev -  Nə yazıq ki, yoluna daş-kəsək düzdülər...

YAZARLAR 12:50 / 17.02.2026 Baxış sayı: 831

Şair Musa Ələkbərli vəfat etdi. Yox, axtarmayın, siz onun haqqında internetdə elə bir məlumat da tapa bilməyəcəksiniz. Kitab mağazalarında xüsusi tərtibatlı, illüstrasiyalı kitablarına da rast gəlməyəcəksiniz. Çünki o, haqqını ala bilməyənlərdən idi.

Bütün ömrünü poeziyaya, şeiriyyata xərclədi, bir vaxtlar xüsusən sevgi şeirləri dillər əzbəri olsa da, çox misrasında Vətən, yurd sevgisi, milli-mənəvi dəyərlər tərənnüm edilsə də qalın divarlı otaqlardakılar onu görməzə gəldilər. Beləcə, yetişdiyi 75 illik yubileyini də sükutla, gözləri yolda keçirəsi oldu. 76-cı baharına isə tam ümidsizliklə qədəm qoydu...

Ağırdır, çox ağırdır, bütün yaradıcılıqları və öz çəkiləri də üstündə Musa Ələkbərlinin bir şeiri qədər gəlməyənlər televizor ekranlarını, radio dalğalarını, qəzet və sayt səhifələrini, tədbir zallarını yağır etdikləri halda bu boyda şair ömrünün bu son illərini haradasa adının bircə kəlmə çəkilməsinin həsrətini çəkdi...

Ən sevdiyim bir bəndi var:

Duyğular köhnədir, arzular boyat,

Bu yatan eşqimi harayla, oyat.

Heyif ki, könlünü aldadıb həyat,

Heyif ki, peşiman olub gəlmisən...

Elə Musa Ələkbərlinin özünün də könlünü həyat aldatdı. Onun qulağına şairliyin, söz adamının yüksək məqamı barədə dürlü-dürlü sözlər pıçıldadı. O da inandı. Bu məqama yüksəlmək amacında yola çıxdı.

Nə yazıq ki, yoluna daş-kəsək düzdülər...