ETİRAFIN GƏTİRDİYİ ETİRAF...
Gözəl şairimiz Aləmzər Sadıqqızı qələmindən süzülən etirafın, qəlbimdə yaratdığı etiraf...
Həmişə düşünmüşəm ki, müəllifin kimliyindən aslı olmayaraq, gözəl şeir nümunəsi üzərində istənilən şəxsin apardığı hər hansı fikir mübadiləsi, digər yaradıcı insanlar üçün yönləndirici təbliğat vasitəsidir. Ona görə ki, yaradıcı insan daimi axtarışda olan istedad sahibidir. Təbliğat - sadəcə, İlahi tərəfdən istedad verilmiş insanların istiqamətləndirilməsi, lazımı məqamda məsuliyyət hissinin artırılması, birbaşa yaradıcılığa təsir edən sınanılmış bir vasitədir...
İlk günlər Fb səhifəsinə gələndə, qarşıma çıxan hər hansı şeir nümunəsinə rəy bildirəndə, nöqsanı deyəndə görürdüm ki, çoxu bundan inciyir, narazılıq edir. Bunu belə görəndən sonra, bir müddət xoşuma gəldi, gəlmədi bəyənmə işarəsi qoyub keçdim. Amma, bilmirəm qəzet işçisi olduğumdan idimi, yoxsa, artıq vəqdiş halın almış adətkarlığımdan idi, qəlbimin narahatçılığı üzündən nöqsan və gözəllik qarşısından sakit keçə bilmirdim. Sadəcə, özümü ortalığa atıb öyəcək bir yaradıcılıq nümunəm də yox idi. Durub, kiməsə məsləhət verim, kiməsə fikir bildirim. Çox zamanda bu halıma özümdə sıxılırdım. Doğrudu, ömrümün 30 ildən çoxunu mətbuatda keçirmişəm. Nəticə ola biləcək, istinad edəcəyim, savada, biliyə dəyər verən dostlardan, tanışlardan, qələmdaşlardan gördüyüm ehtiram və sayğıdan başqa istinadım yox idi. Yalnız bu hal mənə cəsarət verirdi.
Bununla bərabər iki qəzetim, "VƏTƏN ÖVLADI" ictimai-siyasi və "DƏYƏNƏK" ictimai - siyasi, satirik qəzetim olub. İmkanım, gücüm çatdıqca əməkdaşların və özümün başqa sahədə işləyib aldığım məvacibimin bir hissəsini bura sərf etməklə, mütəmadi olmasa da, həmin qəzetlərin dövrülüyünü on illərlə qoruyub saxlaya bilmişəm...
BUNLARI NİYƏ YAZIRAM...?
Orta məktəb dövründə, 8 - 9-cu sinifdə oxuyanda, arada bir mən də, şeirə oxşar nə isə yazırdım. Hətta bu həvəs məni, ayda bir dəfə, rayonumuzun "BİRLİK" qəzetində keçrilən gənc yazarlara kömək məqsədi ilə yaradılmış Ədəbi Məclisinə çəkib gətirirdi. Bura, rayonun müxtəlif kənd və qəsəbələrindən gəlmiş gənc yazarlarla bir yerdə, yeni yazdığımız şeir nümunələrimizi iştirak etdiyimiz məclisdə oxuyurduq. Məclisin rəhbəri, gözəl şair, qəzetin poeziya şöbəsinin müdiri, rəhmətlik Camulla Mürşüd oxunan şeir haqqında fikirlərin deyərdi, söz, qafiyə, misra üzrə bir - bir təhlil aparılardı. Doğrudan çox vaxt adam tənqid olunacağından utanıb gələcəkdə səhvlərin düzəldərdi, yada sonrakı tədbirlərə qatılmayıb, müstəqil yaradıcılığın davam etdirərdi. Təqribən 2 ildən yuxarı bu cür vəziyyətdə çox şeyi öyrənməyə cəhd etdim...
Sonra, Bakıya gəldim. Yaşadığım və işlədiyim ərazi Abşeron rayonuna yaxın olduğundan, rayonun, eyniadlı qəzetinin redaksiyasına tez-tez gedib, gəldim. Burada da, Ağsu rayonunda olduğu kimi, "Abşeron" qəzetinin nəzdində Ədəbi Məclisin fəaliyyət göstərdiyin bildim. O gündən, həmin məclisə üzv oldum. Ədəbi Məclisimizin rəhbəri, gözəl insan, qəzetin məsul əməkdaşı rəhmətlik Sabir Nuriyev (Sabir Nuru Türkel) idi. Burada isə fəaliyyətim hərbi xidmətə gedənə qədər, yəni 2 il, hərbi xidmətdən əvvəl və 2 il hərbi xidmətdən sonra, bu məclisin heç bir tədbirin buraxmadan iştirak etdim...
Sonra isə yuxarıda dediyim kimi, 2 qəzet təsisçisi, qəzetin sahibi olduğumdan baş redaktorluq məsuliyyətin daşıyan biri kimi, həmdə, digər bir neçə qəzetin yazı işlərin aparan şəxs kimi, daha şeir yazmanı, yaradıcılığı unutdum. Ancaq, istər təsisçisi olduğum öz qəzetlərimdə, istərsə də, yazıların hazırladığım qəzetlərdə şeir dərc etdirmək istəyənlərin şeiri üzərində apardığım düzəlişlər, tövsiyələrim şeir yazmaq istəyimi həvəsə belə gətirmədi...
Təqribən 4 il bundan öncə, yaxınlarımın, əmim oğlu rəhmətlik Adil Comərdovun - "bəs səndə yazırdın" qınağı, qonşum, rəhmətlik Razim Sərxanovun, - "ilk kitabın çıxan kimi, birinci kitab mənimdi" - deməsi məni düşünməyə məcbur qoydu...
Bundan sonra ilk günlər "yazacam" düşüncəsi ilə qəlbimə dolan poetik fikirləri imkan düşdükcə yaddaşıma həkk etməyə cəhd edirdim. Bir müddətdən sonra gördüm ki, elə bu 30 ildə olduğu kimi, bəzən düşüncəmə hakim kəsilən həmin fikirlər düşüb itir. Həmin misraları, bəndləri yadıma sala bilmirəm. "Məndən şair olmaz"- fikri ilə, özümə haqq qazandıraraq, əvvələr arzusunda olduğum istəyi reallaşdıra bilmirdim. Həmdə çox vaxt keçmişdi deyə, heç ağlımdan bu barədə fikir belə keçirirmirdim...
Amma bir gün, gözəl şair, ictimai xadim, alim, hələ Ağsu rayonun "BİRLİK" qəzetindən tanıdığım, 30 il mətbuatda olduğum dövürlərdə imkan düşdükcə görüşüb məsləhətlər aldığım Raqif Nazimoğlu, gənc yazarlara kömək məqsədilə "Ağsu Yazarları" Ədəbi Birliyinin yaratması barədə mənə zəng edib bildirəndə sevindim. Həmin birliyin üzvü oldum. Və bundan sonra öz yaradıcılığımla yenə öyrənə-öyrənə məşğul olmağa başladım...
VƏ BELƏCƏ...
Fb-də, bəzi yazar dostların şeirlərinə söyləmək istədiyim fikirlərə görə bəzən müəlliflər tərəfindən qınanıldığımdan, ruhu oxşayan, yaradıcılıqda öz dəsti - xətti olan istedadlı müəlliflərin şeiri üzərində düşüncələrimi çatdırmaq üçün, bu cür yazı üslubun seçdim.
Bir məqamı da burada xüsusi vurğulamaq istəyirəm ki, istənilən bu cür Ədəbi Məclislər, Ədəbi Birliklər, Ocaqlar istedadlı gənclərin inkişafına yönəlik, sınanılmış gözəl bir nümunədir...
SƏBƏB VƏ MƏQSƏD...
Etiraf - insani dəyərlərin ən öndə olan vacib cəhətlərindən biridir. Həmişə, etiraf barədə söhbət düşəndə, ilk öncə, dünya ədəbiyyatının korifeylərindən sayılan Lev Nikolay Tolstoyun, avtobioqrafik yazdığı "ETİRAF" əsəri yadıma düşür. Yazıçıya şöhrət gətirən əsərlər içərisində bu bədii əsər oxuduqca insanı sanki tilsiminə salır. Etirafın böyük bir insani hiss olduğunu ortaya qoyur...
Həmin əsərdən bir neçə ibratamiz fikirlərə istinad edərək etiraf barədə fikirlərimi davam etdirmək istəyirəm. Dünya şöhrətli yazıçı, "ETİRAF" əsərində böyük filosof Sokrata istinad edərək ondan sitat gətirir ki, - "Bədəndəki həyat bədbəxtlik və yalandan ibarətdir. Ona görə də bu həyatın məhv edilməsi səadətdir və biz onu arzulamalıyıq". İnsan etiraf etmək qabiliyyətini özündə aşlamalıdır.
Yazıçı həyatının etirafına başlayanda bildirir ki, - "Mən sonralar İncildə rast gəldiyim həqiqəti anladım: insanlar zülməti işıqdan artıq sevdilər, ona görə ki, onların əməlləri yaman idi. Çünki yaman əməllər törədən hər bir kəs işığa nifrət edir və ona doğru getmir ki, əməlləri aşkara çıxmasın".
Əməlindən ehtiyatlanıb qaranlıq sevənlərin qəlbində etiraf gücü ola bilməz. Odur ki, dünya şöhrətli yazıçı vurğulayır, - "Həyatın olduğu hər yerdə inanc var. Bu, insan var olduğu gündən belədir. İnanc insana yaşamaq imkanı verir. Üstəlik, inancın əsas xüsusiyyətləri hər yerdə, hər zaman eynidir".
Bəli, insanda olan inanc gücü onun etirafına gətirib çıxarır...
Gözəl şairimiz Aləmzər Sadıqqızının "BAĞIŞLA..." şeirini oxuduqca, dahi yazıçı Tolstoyun "ETİRAF" əsəri içində öz taleyilə bağlı qəlbimə hopan, yuxarıda yazdığım etiraf sıralandı.
Aləmzər xanım o qədər gözəl, böyük qəlb sevgisi ilə öz etirafın edib ki, adam oxuduqca, birdə oxumaq istəyir.
Gözəl etiraf, saf bir sevgi yaşayan insan etirafı. Bu cür etiraf, istedad sahibi şair dilindən süzülüb gələndə necə də poetik bir gözəllik yaradır. Burada "Baxışla" sözünün etirafa verdiyi gözəlliyin qəlbə məlhəm kimi yayılması insanı sakitləşdirir.
Bilirəm, mən səni çox incidirəm...
İçimdə sən adlı vara bağışla.
Könlü qırıq-qırıq, ruhu yaralı,
Bu Leyla ürəkli yara bağışla.
İnsan taleyinin yaşantıları arasında ağrı, acılara baxmayaraq, - "Saçından zamansız qara baxışla" - dilənilməsi ruhu oxşayır.
Döydü tale məni, döydü qəm məni,
Aldı duman məni, aldı çən məni,
Min ildi üşüdür həsrət Aləmi,
Saçında zamansız qara bağışla.
Şair Aləmzər Sadıqqızı, hər misra üçün seçdiyi poetik fikiri elə cilallayır ki, sanki etirafın bütün əlamətlərini insan duyğusunda yenidən göz önünə gətirir.
Min oyun oynadı fələk mənimlə,
Danışdı gül mənlə, çiçək mənimlə,
Susdu hər əzaba ürək mənimlə,
Səninlə dil açan lala bağışla...
Bir insan xislətinin ağrı-acısını şairimiz, canından, sanki dişini qıcayaraq aşağıdakı beytlərə məna yükü verərək çıxarır...
Hərdən dost dediyim yıxdı könlümü,
Ən doğma, ən yaxın sıxdı könlümü,
Bir hicran yandırıb, yaxdı könlümü,
O dosta, doğmaya, sara bağışla.
Haradasa oxumuşam ki, ruhun sevgi dünyası həmişə gözəl olub. O düşüncənin içində insan özünü dünyanın xoşbəxti hesab edir.
Ruhumu aparır bir saz havası,
Sevgidir könlümün sənlə davası,
Al məni könlünə dinlə qadası...
İnləyən kamana, tara bağışla.
P. S. Şairmizin gözəl etirafı ilə yaratdığı ecazkarlıq məni də bəzi etiraflara gətirib çıxartdı. Doğrusu bu tip yazılara münasibətimin əsas qayəsi, başa düşdüyüm tərzdə izahımla hansısa fikir müxtəlifliyini yaratmaqdır. İnanıram ki, ola biləcək noqsanlarımı dəyərli dostlar göstərər, fikirlərimdə müəyyən korrektə etməyə çalışıram.
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.