Ramiz Göyüş , yazıçı-publisist - Səməd Vurğunun musiqi dünyası

Gündəm 10:18 / 17.02.2026 Baxış sayı: 1606

                                        

                                                                                                    Səməd Vurğun -120

Xalq şairi Səməd Vurğunun həyat və yaradıclığı, dramaturgiyası, poeziyası, ayrı –ayrı dram əsərləri, poeziyasının xüsusiyyətləri barədə onlarca disertasiya və monoqrafiyalar, yüzlərcə məqalə, minlərcə xatirə və oçerklər yazılıb və əminəm ki, indən sonra da yazılacaqdır. Bu yazıda  böyük şairin yaradıcılığının və şəxsiyyətinin formalaşmasında  mühüm rol oynamış və əhəmiyyət kəsb edən musiqi dünyasından  söhbət açmaqdır.

Səməd Vurğunun musiqiyə vurğunluğunu,  onun musiqi istedadını ilk dəfə  atası Yusif ağa hiss etmişdi. Şairin qardaşı, görkəmli pedaqoq və ictima-siyası xadim Mehdixan Vəkilov Səməd Vurğunun həyat və yaradıcılığına həsr etdiyi, xatirlərdən ibarət “Ömür dedikləri bir karvan yolu” kitabında yazırdı: ”Ata-anamız həssas qəlbli, mərhəmətli, təmiz və saf duyğulu, şair xəyallı, son dərəcə xəyalpərəst adamlar idilər. Hər ikisi məlahətli səsə malik, sinələri söz-söhbətlə dolu nəğməkar idilər. Səməd Vurğun ömrünün axırına qədər atasının “cürə” sazının sınıq qəlbə od səpələyən füsunkar səsini və anasının ecazkar laylasını xatırlardı:

Dağlarda çiçək a səm-səmi

Hamıdan göyçək a səm-səmi!”

O, lap kiçik vaxtlarından musiqini, nəğməni, tez mənimsəyir və gözəl rəqs edirdi. Atası “Ruhani” havasını çalar, balaca, sısqa və baldırları açıq Səməd isə oynayardı. Ondakı bütün bu incəlikləri və bədii zövqün ruşeyimini görən atası böyük iftixar hissi ilə təkrar edərdi:  ”Oğul bundan olacaq!”.

Atası Yusif ağanın “cürə” sazından eşitdiyi qəlb kövrəldən aşıq havaları, qəmli-yanıqlı nəqmələrı, həyatdan çox erkən getmiş anası Məhbub xanımın laylaları, dua edib, quran oxuyarkan eşitdiyi şirin avazı və gözəl səsi, Kürün uğultusu, durnaların qaqqıldaşması, Qarayazı meçəsində gecələr bir-birini çağıran iki qardaşın timsalı olan  İsa-Musa quşlarının həzin “qu-qu” nəğməs balaca Səmədin qəlbinə hakim kəsilmiş ilk eşitdiyi nəğmələr idi.

Seminariyada oxuduğu 1918-1924-cü illər onu həyatında xüsusi bir mərhələ təşkil edir.  Səməd Firudin bəyin təşəbbüsü ilə Seminariyada təşkil edilən xor, dram, musiqi dərnəklərində fəal iştirak edirmiş.

Sininfdən-sinfə keçdikcə, Səməd bütün sahələrdə xüsusu istedadı ilə özünü daha qabarıq şəkildə biruzə verir, onun istər seminaristlər, istərsə də seminariyada dərs deyən, sonrakı illərdə Azərbaycan təhsilinin inkişafında  mühüm xidmətlər göstərmiş Əhmədağa Mustafayev, Əli Hüseynov, Yusif Qasımov, Alay Şıxlinski, İbrahim Əfəndi Qayıbov,  Mirzə Vəlizadə, Yusif Əfəndiyev, Süleymanağa Qayıbov kimi görkəmli pedaqoqlar Səmədi xüsusi bir məhəbbətlə sevir, onun inkişafına daim diqqət yetirirmişlər. Əvvəllər riyaziyyat fənninə xüsusilə daha böyük həvəsi olan Səməd, sonradan ədəbiyyata və musiqiyə daha çox meyl göstərməyə başlayır. ”Zaman keçdikcə ədəbiyyata və musiqiyə olan daxili hərarət və gizli lira simləri güclü surətdə hərəkətə gəlməyə, səslənməyə başladı. Onun gözəl şeirlər oxuması, monoloqlar deməsi, səhnədə Məcnun rolunda ”Məcnun kimi” oynamasıı, məlahətli səsi, skripkanı incə hisslə və ehtirasla çalması, xəyalpərvərliyi, üsyankar təbiəti müəllimlərin diqqətini cəlb etmişdi. Ədəbiyyat müəllii Yusif Qasımov bir dəfə”Bu Səməd fitneyi- dövran olacaqdır”-demişdi.”(Mehdixan Vəkilov)

1918-1924-cü illərdə Səməd Vurğunla Seminariyada birlikdə təhsil almış, məşhur nasir, publisist, tərcüməçi, 1936-1938-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri olmuş Seyfulla Şamilov şairin gənclik illərinin, onun musiqi dünyasının ən yaxın şahidlərindən biri idi: “...Qoridən gələn yuxarı sinif tələbələri içərisində  skripkanı çox yaxşı çalanlar var idi. Lakin heç kəsin çaldığı skripka Səmədin skripkası kimi inləmirdi, çalarkən heç kəsin gözlərində Səmədin gözlərində olduğu kimi ehtiras alovu parlamırdı. Cümə günlərində seminariyada dərs olmayanda biz öz sinifimizdə Səmədin başına yığışıb ondan bir hava çalmasının xahiş edirdik. O, bəzən bizim xahişimizə əməl edər, bəzən də yalnız istədiyini çalırdı.”

Səməd Vurğun hələ şair olmamışdan əvvəl atasından oxumağı və saz  çalmağı öyrənmişdi. Saz onun ən sadiq həmdəmi idi. Hələ şair kimi məşhurlaşmamışdam əvvəl o, mahalı el-el , oba-oba gəzəndə sazı da onunla  bir yerdə gəzirdi.

      1928-ci ildə Gəncəyə köçərək burada orta məktəblərdə və partiya məktəbində müəllim   işləməklə  bərabər Gəncədə  ədəbi mühitin inkişafında fəal mövqe tutan  Səməd Vurğun bir növ Gəncə şəhərinin həyatında hadisəyə çevrilmişdi. Həyatının mənasını poeziya və musiqidə görən gənc Səməd həm də çoxsaylı musiqiçilərlə ünsiyyət, dostluq əlaqələri qururdu.  “Körpəlikdən Səmədin köksündə üç şey kök atmışdı, rişələri ürəyinə, beyninə işləmişdi. Varlığı bu üç şeydən yoğrulmuşdu: şeir, musiqi, bir də məhəbbət.” (Mehdixan Vəkilovun xatirəlrindən)

Yazının bu məqamında oxucunun diqqətini Şairin ustad sənətkar, xalq mahnılrımızın və muğamlarımızın təkrarsız və mahir ifaçısı  Xan Şuşinski ilə münasibətlərinə diqqəti yönəltmək istərdim. “...Səməd Vurğun Xan Şuşinskinin səsini ilk dəfə ötən əsrin iyirminci illərində Gəncədə eşitmişdi. O vaxtdan da xanəndənin sənəti, ecazkar səsi onu məftun eləmişdi. Çox çəkmədən hər iki sənətkar şəxsən tanış olmuş və bu tanışlıq sonralar möhkəm və səmimi bir dostluğa çevrilmişdi. Şairin elə bir məclisi olmazdı ki, Xan orda iştirak etməsin. Xanəndənin səsinin “dəlisi” olan Səməd Vurğun özünün məşhur “Azərbaycan” şeirində onu xüsusi bir məhəbbətlə tərənnüm edir

Bu hadisədən sonra şairlə xanəndə rastlaşırlar. Səməd Vurğun xüsusi bir şövqlə  Xan Şuşinskiyə  - ” Xan səni də saldım tarixə”- deyərək Azərbaycan şeirindən bu bəndi söyləyir:

Könlüm keçir Qarabağdan,

Gah o dağdan, gah bu dağdan,

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

Xan Şuşinski Böyük şairin bu şirin atmacasından məmnun olaraq eyni əhvalla  cavab verir: “Səməd vallah mən tarixdəydim, mən öləcəm amma Qarabağ şikəstəsi qalacaq, hər dəfə bu ifamı eşidəndə, səsim gələndə, sən də xatırlanacaqsan...” (Tədqiqatçı-jurnalist Vasif Quliyev).

      Şairlə xanəndənin növbəti görüşlərindən biri, həm də son görüşü 1955-ci ilin yayında məşhur İsa bulağında baş tutur. Vasif Quliyev yazır: ” İsa bulağında bu iki dost elə səmimi, elə mehriban qucaqlaşdılar ki, uzun illər bir-birlərinin həsrətində olan doğma qardaşlar kimi görüşdülər.

...Məclisin axırında Xan Səməddən xahiş etdi ki, bir-iki ağız desin...Şair tarzənə dedi:

– Aya, Allahyar, o tarı “Yetim segah” üstündə köklə, bəri ver!

Səməd tarı döşünə basıb, sarı simdə gəzişdi. Bir qədər keçməmiş meşəni yanıqlı və həzin bir səs bürüdü.

... Hamı heyrətlə Səməd Vurğunu dinləyirdi. O, son dərəcə aydın diksiya ilə Aşıq Ələsgərdən oxuyurdu.

... O gün Səməd Vurğunun İsa bulağında qurduğu məclis gecədən keçənədək davam etdi. Artıq dan yeri sökülürdü...”

Səməd Vurğunun musiqiyə vurğunluğu təkcə musiqiçilərlə dostluqla,  musiqi məclislərində iştirak etməklə, sazlı-söhbətli məclislərdə, dost məclislərində musiqi alətlərində ifa etməklə bitmirdi. O, həm də yaradıcılığında musiqini özündə ehtiva edən poeziya inciləri yaradırdı. Həmin incilərdən birini- hələ də xanəndələrin repertuarını bəzəyən məşhur qəzəlini misal gətirmək istədim:

Hər bağın, hər baxçanın öz bülbülü şeydası var.

Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var.

Ruhu oxşar, qəlbi oxşar incə bir canan səsi,

Gah gülər, gah ağlayar, hər dəmdə bir mənası var.

Can alan hər nəğmənin mənası yalnız eşqidir.
Göz görüb, əl çatmayan yıldızlı bir dünyası var...

 

Şairin hikmətinə diqqət yetirin, “can alan hər nəğmənin mənası yalnız eşqidir. Səməd Vurğun da musiqinin, nəğmənin mənasını yalnız “eşq”də görür. Eşqisiz həyat yoxdur, eşqsiz  heç nə yarana bilməz.

 Dəyərli oxuculara bildirmək istəyirəm ki, Üzeyir bəylə Səməd Vurğun arasında hamıya örnək olan dostluqlarına ayrıca məqalə həsr etmişəm. Həmin səbəbdən bu iki dahi şəxsiyyət arasında dostluğun və yaradıcılıq əlaqələrinin səviyyəsini Səməd Vurğunun Üzeyir bəyə yazdığı bir məktubu nümunə gətirməklə kifayətlənməyi lazım bildim. Həmin məktubda Böyük şair yazırdı: "Əzizim Üzeyir bəy! Siz məndən ordumuzun 25-ci ildönümü münasibətilə şeir istəmişdiniz. Mən də "Göz aydınlığı" adlı bir şeir yazıb sizə göndərirəm. İndi söz sizindir! Sizin böyük sənətiniz hər zaman mənim şeirlərimə qanad verdiyi kimi, bu şerimə də qanad verəcək. Əllərinizi bərk-bərk sıxıram, hər vaxt qulluğunuzda hazıram.

Sizin S. Vurğun

9.11.43. Bakı ."

Səməd Vurğun Azərbaycanın görkəmli musiqiçiləri, xanəndələri, bəstəkarları, müğənniləri ilə yaxın dostluq edir, onlarla birgə yaradıcılıq əlqələri qururdular. Bu baxımdan şairin məşhur bəstəkarımız, SSRİ xalq artisti Fikrət Əmirovla bir görüşü son dərəcə heyrətamiz və maraqlıdır. Firət Əmirov xatirələrində yazır: ” Sənətimizin parlaq məşəllərini yandırmış üç müdrik sima həmişə gözlərim önündə durur: Üzeyir Hacıbəyov, Bülbül, Vurğun... Sənətkar olmaq üçün sənətin aşiqi olmaq gərəkdir. Səməd Vurğun yaradıcılara nümunə olan əsl sənət vurğunu idi...1954-cü ilin yazı idi. Dram  Teatrında tamaşalardan birinə ictimai baxış keçirilirdi. Səmd Vurğun  yazıçı Mehdi Hüseynlə foyedə gəzişirdi. Məni görüb ayaq saxladı, yanına çağırdı, özünəməxsus səmimiyyətlə dedi: - Ayə, dünən sənin simfonik suitanı radioda eşitdim, lap Kəpəzin başına çıxmışdın...O vaxt utandım, ürəyimdə olan bir sözü şairə deyə bilmədim. Deyə bilmədim ki, bu suitanı Sizə həsr etmişəm, Onu Sizin “ Azərbaycan” şeirinin təsiri ilə yazmışam...”.

Görkəmli bəstəkar Fikrət Əmirov xatirələrini davam etdirərək yazırdı: “Səməd Vurğun yeni yaranan əsərlərə maraq göstərirdi. “Kürd ovşrı” və ”Şur” simfonik muğamlarını Bülbülün evində mən pianoda çalarkən bu muğamların ilk dinləyiciləri ev sahibi, Səməd Vurğun və Mirzə İbrahimov olmuşlar.”

Opera sənətimizin korifeyi və xalq mahnılarımızın mahir ifaçısı, SSRİ xalq artisti Bülbülün Səməd Vurğun haqqındza fikirləri də şox maraqlıdır: ”Otuz illik çoşqun bədii yaradlıcılıq yolunda – şeirdə, musiqidə, teatr sahəsində biz, incəsənət işçiləri həmişə Səmədlə əl-ələ verib birgə addımlamışıq. O, həmişə bədii yaradıcılığın ön sıralarında getmişdir. Səməd Vurğun çox  yazıb, yaratmış, özündən sonra böyük bir irs qoyub getmişdir... Xalqımız əsrlərlə onu oxuyacaq,  xatirəsini də əbədiləşdirəcəklər... Onun musiqiyə dair dediyi  bu tutarlı  misralar heç vaxt xatirimdən çıxmır:

Hər incə pərdənin öz aləmi var,

Bəzən nəşəsi var,  bəzən qəmi var.

O gözəl nəğməni dinlədikcə biz,

Həsrətlə çırpınır ürəklərimiz.”

 

Səməd Vurğun həssas musiqi duyumuna, musiqini kamil eşitmə qabiliyyətinə, mükəmməl musiq savadına malik olduğu onunla təmasda olan misiqiçiləri hamısına məlum idi. Şairlə dostluq və yaradıcılıq münasibətində olan görkəmli bəstəkar Əfrasiyab Bədəlbəylinin xatirələrindən: “ Bəstəkarlarımız çox vaxt ona (Səməd Vurğuna R.G.) öz aralarnda Azərbaycan Sovet şeirinin Üzeyiri deyirdilər...Səməd Vurğun saz çalmaqda  xalq aşıqlarının bir çoxundan geri qalmaz, kefi gələndə hərdən tarını sinəsi üstə alıb, sarı simi narın mizrab ilə səslədər, gah da pəsdən zümzümə edər. O Azərbaycan muğamlarını professional musiqiçi qədər mükəmməl bilir. ...1939-cu ildə, “Xanlar”pyesini ilk dəfə tamaşaya hazırlandığı zaman sınamışam. Bu pyes üçün yazdığım musiqidən yeni bir parça məşq edildiyi zaman notların bəzi cüzi səhvlərlə köçürülməsi üzündən opkestrin saxta səslərlə çaldığını o  saatca duyub bildirən Səməd Vurğun, drijor və musiqiçiləri heyran etdi. Yazdığım mahnılardan birinin doğurdan da  nəinki səhnədə göstərilən hadisə xarakterinə uyğun olmadığını, hətta ümumiyyətlə zəif olduğunu mənə asanlıqla sübut etdi.

 - Məncə bunu “şur” kökündə yox,” segah” kökündə bəstələmiş olsa idin, daha artıq müvəffəq olardın- dedi. O, tamamailə haqlı idi.””

Səməd Vurğunun həyat və yaradıcılığı haqqında bir qədər məlumatı olan hər kəs bilir ki, Azərbaycanın görkəmli ədibi, yazıçı, şair, publisist, pedaqoq Abdulla Şaiqlə Səməd Vurğun bacanaq idi. Bu iki ailə arasında çox isti münasibət var idi. Hər iki ailənin üzvləri müxtəlif ailə və dost tədbirlərində tez -tez görüşür birgə məclislər təşkil edirdilər. Təbii ki, bu tədbirlərdə Abdulla Şaiqin oğlu, görkəmli ədəbiyyatşünas alim, Kamal Talıbzadə də iştirak edirdi və bu mənada Səməd Vurğunu yaxından tanıyan, onunla yaxın qohum və dost olan professor Kamal Talıbzadənin xatirələri çox maraqlıdır: “Səməd Vurğun professional, peşəkər musiqiçilər qədər klassik musiqini, xalq musiqisini bilirdi...musiqi alətlərinin çoxunda çalırdı. Saz, tar, skripka, kamança, qarmon, piano, tütək. Səmədin musiqi alətlərindəki ifalarının oyatdığı mənəvi zövqü, ləzzəti təsəvvür etmək üçün ancaq şairin özünü dinləmək lazımdır. Dəfələrlə onun sazı sinəsinə sıxıb aşıqsayağı aşıq mahnılarını çalıb oxumasını, pianonun arxasına keçib asta-asta məlahətlə muğam çalmasını eşitmişəm... tarı xüsusi  məharətlə çalırdı. Onun sədəfə bürünmüş, gur aydın səsi olan tarı vardı.”

Bu yazıda qeyd olunduğu kimi hələ lap uşaqlıqdan Səməd Vurğunun məlahətli səsi, gözəl saz və skripkada ifa etməyi var idi. Lakin bir gerçəkliklə barışmaq lazımdır ki, hər tərəfli istedad sahibi olan bu insanda poeziya, şairlik musiqiyə üstün gəldi. Bununla belə O, övladlarını musiqi ilə böyütmək istəyirdi və elə bu səbədən də onların hər üçünə musiqi təhsili vermişdi. Yusif də, Aybəniz xanım da, Vaqif də Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişdilər. Vaqif Səmədoğlu isə sonradan həm də Konservatoriyanı bitirmişdi və Konservatoriyanın  professoru idi. Lakin ataları kimi Yusifin də, Vaqifin də sonralar bədii yaradıcılığı musiqi yaradıcılıqlarına üstün gəldi. Bununla belə həyat həm də qeyri-adiliklərlə zəngindir. Görünür böyük şairin böyük musiqiçi olmaq arzusunu gerçəkləşdirmək üçün zaman lazım imiş. Və nə yaxşı ki, həmin zaman yetişdi. Bir vaxtlar Səməd Vəkilov adlı Səməd Vurğun  öz misilsiz poeziyası ilə Avropanı fəth edirdisə, bu gün onun  nəticəsi , ev muzeyinə rəhbərlik edən və həm də şairin ad və soyadını daşıyan gənc pianoçu Vurğun Vəkilov Avropanı öz virtioz ifası ilə fəth edir.