Adilə Nəzər - QARANLIQ ADA

Ədəbiyyat 19:49 / 17.02.2026 Baxış sayı: 230

 

(J.Epştein adası)

Bir nöqtə qədərdir o - xəritədə,

Uzaqdan baxanda sakit görünür.

Adada səsləri boğub dalğalar,

Şüşə sarayları sükut bürüyür...

 

Adlar pıçıldanıb bağlı otaqda,

Cinayət törənib tək, mütəşəkkil.

Orda söz getməyib mərhəmət haqda,

Vicdan şəkil olub, yalnızca şəkil...

 

Güclülər əl-ələ verib böyüyüb,

Qapılar açılıb seçilmişlərə,

Həqiqət bir küncə atılıb qalıb,

Nəfsini yemləyib bir yanda hərə...

 

Qaranlıq işlərə imza atıblar,

Qaranlıq adada, "işıqlı" adlar.

Nəyi istəsələr alıb-satıblar,

Çatmayıb Allaha ahlar, fəryadlar.

 

Qapılar ardında kəsilib nəfəs,

Badə səslərində itib çığırtı.

Qoca qulaqlılar "eşitməyib" səs,

Günahsız mələklər qanadı çırpı...

 

O ada, o ada üzüqaradır,

Təkcə dəniz, gecə bilir hər şeyi.

Orda yaşananlar dərin yaradır,

Toplanıb, çıxılıb insan taleyi...

 

Didilib-sökülüb kiçik bədənlər,

Orda qan qoxuyan saray yerləşir.

Hər cür pislik desən yaşanıb orda,

Görəsən İlahi nə fikirləşir...

17.02.2026