SÜLEYMAN ABDULLA. - İTLƏ İPİN ŞEİRİ
Fələk qatır kasıb ilə oyunu
Şansı yoxdur udmağa zər istəsə.
Nə olsun ki, zəncirdədir boyunu,
İt də gedər, ip də gedər istəsə.
Harda gördük, bir bilək ki, nədir haqq,
Kasamızın boş səbirdi dolanı.
Çox çətindir ağır şərtlə oynamaq,
Çaşıb olmur sadalamaq olanı.
Bəxt dediyin bir az zaddı, bir az şey,
Qəza vaxtı hər zadı var hər şeyin.
Siçan-pişik oynamaqla deyil ey,
Pişik ili it günü var taleyin.
Xoşu-bədi nə yarıdır, nə təndir,
Çox çətindir ömrü qalda yaşamaq;
Adam kimi yoxdu macal, düşəndir,
Bəxtimizə darmacalda yaşamaq.
Qısılmışıq bir qaranlıq yad tinə,
Ağ ilğımda, qara badda ölürük.
Qəribsəyib düşdük qərib yerinə,
Doğma yurdda ögey adda ölürük.
Yerə girsin dar ağacı boyumuz,
Göz dəyəcək kim asıla, kim tuta.
Başımıza dolandırır fələk duz,
Bir it vardı, bir ip vardı...
yoxdu ta!...
13.02.2024.