Qəşəm İsabəyli - MƏNİM TANIDIĞIM QOCA XALİD
Dünən 21.41-də Vatsapıma Şəkili şair dostum Elbrus Mikayıldan xəbər gəldi: “Salam, axşamınız xeyir, mən də indicə eşitdim,böyük bir bədbəxtlik üz verdi - QOCA XALİD RƏHMƏTƏ GETDİ.”
Ağır xəstə və ümidsiz halda olduğunu bilsəm də bu acı xəbər mənə pis təsir elədi. Hətta bu səhər yuxudan ayılanda bu xəbər gözümün qabağına gəldi... elə bildim yanlış məlumatdı. Azca huşum özümə qayıdanda dedim, kaş yalan olaydı. Amma yalan deyilmiş...
Yadımdadı, bir neçə həftə Fb-də şəklini görəndə, dostlarının ona şəfa dilədiyini oxuyub, götürüb zəng elədim Qocaya. Telefonu bağlıydı. Bir-iki saatdan sonra bir də zəng eləyəndə zəif, quyunun dibindən gəlirmiş kimi batıq səsini eşitdim: Salam, Qəşəm İsabəyli. Danışdıq... Amma doyumluq danışa bilmədik.
Artıq Qoca Xalid də oldu min ilin ölüsü! Ruhu şad olsun! Təbii ki, şeirləri və tərcümələri, inanıram ki, dilimizin ömrü qədər yaşadacaq onu! Vaxtilə Qoca haqqında yazdığım kiçik memuarı sizə təqdim edirəm. Bu yazıyla onu azca da olsa tanıyacaqsınız! Doğmalarına səbr arzlayır, başsağlığı verirəm!
Haqdı “Qoca Xalid” deyirəm, dilim ki, “Namizəd Xalidoğlu”ya öyrəşib deyə, heç ləzzət eləmir mənə. Məndən olsaydı, şairin, yazıçının, istənilən qələm adamının hansı imzayla gəlibsə ədəbiyyata, elə o imzayla da qalması üçün, Milli Məclisdə də olmasa, lap elə Yazıçılar Birliyində qadağa qoyardım. Ad, imza qız deyil ki, gündə birini bəyənəsən. Elə mənim özümün də bir yığın imzam olub – “Qəşəm Mayıl”, “Qəşəm İsazadə”, indi də “Qəşəm İsabəyli”... Deyəsən, bu, daimidir. Necə deyər¬lər, keçmiş ola.
Əslində ad-soyad dəbi yaradıcılıqdan irəli gələn qəfil “qür¬rə”dən başqa bir şey deyil. Bir-iki şeirini ki, tərifləyirlər, çaşırsan – “Himalay dağlarını fəth eləyən bəlkə mənəm, xəbərim yoxdu?!”.
Ney¬ləyəsən?! Təzə tərifə gərək təzə ad götü¬rəsən ki, köhnə, zəif şeirlərin ( guyya – Q.İ ) it-bata düşsün. Xalq da elə bilsin, sən əlinə qələm alandan elə yaxşı yaza-yaza gəlirsən...
Qeybətçil adamların sözü olmasın, “Qoca Xalid” deyirdim axı.
Hər dəfə ki, “Qoca” xəyalıma gəlir, yazlı, yaylı, payızlı, qışlı – dörd fə¬silli bütöv bir il durur gözlərimin qabağında. Hətta hər fəsilin cızığından bir fəsil də kənara çıxan görürəm Qocanı. Bu, varlığı anlarla, dəqiqələrlə hesablanıb, şəxsən hesablaşmadığımız yaradıcılıq fəslidi. Bəlkə bunlardan bir qədər də uzağa ge¬dir qələm dostumuz, day ondan xəbərim yoxdu.
Bəs nədir Qoca Xalidin...
Hər yaz Şəki Dəhnəsində başını belin sapı bərabəri əyib, yer belləyən, əkin əkən, su sulayan, alaq eləyən görərsən Qoca Xalidi. Sonra da dəsmalını çıxarıb boyun-boğazının tərini silər, qabağında çay, kürəyi stolun söykənəcəyində, xəyalı uzaqlarda, gözü əkin-dirrikdə. Bəlkə də əkdiklərinin hesabını aparır. Şəkili olasan, tor¬pağa elə-belə dən atasan... əstəqfürulla. Atdısa, deməli bəhrəsini görəcək, inşallah! İnanıram ki, Qoca da yaz ağzı həyətə əkdiyi dirriyi, çölə səpdiyi diriliyi – arpa-buğdanı vaxtından xeyli irəli biçib, yığıb, anbara da vurur.
Şairin yaz qayğılarının dalıyca yayı gəlir, payızı gəlir, qışı da üstəlik. Hər fəslin da bara-bəhərə çevirə bilmədiyi bir yığın günlərini Qoca başlı-başına da buraxmır – söz eləyir, şeir eləyir, hansısa rusun dilini açır Azərbaycan türkcəsinə.
Günlərlə, həftələrlə, bəzən aylarla gözünə dəymirsə, deməli, Qocanın başı qarışıqdı – Dəhnədə qarışqa tədarükü görür.
Heç gözləmədiyin halda bir də baxırsan Bakıda boy göstərib. Çox keçmir qəzetlərə, jurnallara düşür. O an xəyalıma gəlir ki, qardaşımın səpdikləri bitib. Yoxsa bu arxayınlıqla “şəhərli” olmağa səbri çatmazdı.
Beləcə dəhnəli şairin paytaxt macəraları davam eləyir. Bir gün də, gözləmədiyimz halda növbəti “yoxluğ”u başlayır.
Qocayla baş-başa verdiyim günlər az olmayıb. Görkəmli şairimiz Fikrət Sadığın sözüylə demiş olsam “Əvvəli “Şir”, axırı “Şir” “Şirvannəşr”də original şeirlərini, rus poeziyasından tərcümələrini nəşr etmişik. Arzularına, xəyallarına məhrəm olmuşam. İnandığım da olub. Elə inanmadığım, amma göz açıb gördüyüm “mos¬kva”lı günlərini də görmüşəm.
Çoxdanın söhbətidir, Qoca Xalid Moskvada təhsil aldı, sabiq paytaxtımızda rus¬ca kitabı işıq üzü gördü, arxası-dayağı, gücü olmayan – Allahın rəhmətinə qovuşan rus şairlərini Azərbaycan türkcəsində dindirməyə başladı. Bir kənd ada¬mının sə¬mi¬mi söhbətlərini gətirdi şeirimizə.Dostluq, yoldaşlıq, naşir-şair münasibətlərimizdə daha yaxından tanıyb-sev¬dim onu. Çoxlarına nəsib olmayan ali¬cənab¬lığını gördüm.
Mərhum tərcüməçi-naşir Adıgözəl Qəmbərov, deyərdi, bir dostumuzla restorana ge¬dəndə, hesab kəsmək növbəsi ona ki, çatırdı, xörəkpaylayanla bir tatar cəncəli çı¬xarırdı... yəni, pulu az versin. Rəhmətliyin sözü olmasın, uzun naşirliyim dövründə, belələri az düşməyib qismətimə.
Bir dostumun hər təzə kitabını nəşr eləyəndə iki dəfə pərt eləyərdi məni. Ki¬tabının nübar nüsxəsini əlimə alan kimi, sevinclə zəng çalardım:–Təbrik edirəm, qardaş!
Bilə-bilə nəyi deyirəm, qəsdən özünü qoyardı bilməzliyə:–Nəyi?!
O dəqiqə köpüm yatırdı – həvəsdən düşürdim:–Kitabını nəşr elədik!
Ha diqqətimi cəlb eləsəm də mənasını tuta bilmədiyim mızıltısını eşidərdim.
–Deyəsən, sevinmədin?! – Soruşardım.
Yenidən eyni ruhda dönərdi dili:
–Həəə... – Bilməzdim bu, təsdiqdi, ya vərdiş elədiyimiz sözə başlanğıc... –Gəlib baxacam!
Sonra da gələr, kitabı həvəssiz əlinə alar, o üzünə baxar, bu üzünə gözünü zilləyər, öyürər-çöyürər...
–Bu, niyə belədir... bu, belə olmamalıydı axı... deyəsən, rəngindən qırtmısan? ¬– Sonra da bir tatar cəncəli çıxarardı...
Qoca Xalidin rus şairlərindən elədiyi tərcümələri toplanmış kitabını nəşr eləmişdik. Onda ki, özümüzün mətbəəmiz yox idi. Adı “Qızıl Şərq”likdən dönüb “1 say¬lı mətbəə” olmuş məşhur çapxanayla işləyirdik. Bir gün də kitabının nübar nüsxəsini verdim Qocaya. Bərk sevindi. Təbii ki, mən də ondan geri qalmadım. Amma sevincim uzun sürmədi. Səhəri Qoca yanıma gəldi:
–Qardaş, burda balaca bir səhv gedib?
–Nə səhv?! – Həyəcanlandım.
–Ha... ha... elə şey deyil. – Əlini uzatdı mənə. – Vur bura. – Bunu deyirəm, qardaş.
Baxdım ki, bir kobud səhvdi. Gərək kitabın 16 səhifəsini cırıb, təzədən çap eləyək. Pərt oldum.
–Niyə qanın qaraldı?!
Fikrimi deyib, çətinliyi izah elədim:
–Səhv bizimdi, bir şeir təkrar gedib, təzədən çap etməliyik.
–Qardaş, bax, bu vərəqi təzədən çap edə bilərsiniz?
–Əlbəttə.
–Vur bura, – sağ əlini açıb uzatdı qarşıma, – mən də onun sevincinə şərik oldum. – Həmin vərəqi yapışdırarıq o səhi¬fə¬nin üstünə, qurtarıb gedər.
–Axı yamaq kimi görünəcək. – Dedim.
–O, mənlikdi. – Dalıyca da şaqqıldayıb güldü. – Vur bura! – İki əlin bir-birinə zərbəsindən kompüter otağında qızlar bir anlıq susmalı oldu...
Orijinal bir şair kimi, rus poetik havasını Azərbaycanın ədəbiyyatına gətirən ustad tərcüməçi kimi Qoca Xalidin əvəz¬siz xidmətləri var.
Bir xidməti də alicənablığıdır.
Fevral 2017